ABŞ-ın Texas ştatının şimal-şərqində Təbaşir dövrünə aid selakantın (balıq növü) “Mawsonia” cinsinin fosilləri aşkarlanıb. Alimlərin fikrincə, bu fosillərin yaşı təqribən 96 milyon ildir və onlar Şimali Amerikanın Təbaşir dövrünün ilk selakantı sayılırlar.
Selakantların ilk canlı nümunəsi 1938-ci ildə Cənubi Afrikada təsadüfən tutulub və buna qədər onların nəslinin kəsilmiş olduğu düşünülürdü. Selakantlar ilk dəfə Erkən Devon epoxasında peyda olmuş, Devon və Daş kömür dövründə (və ya Karbon dövründə) bir qədər müxtəlifləşmiş, Erkən Trias dövründə isə maksimum dəyişkənliyə uğramışlar. Selakantların Təbaşir dövrü üzrə günümüzə qədər sağ qalmış “Latimeria” cinsi və Təbaşir dövrünün sonunda nəsli kəsilmiş “Mawsoniidae” növləri elmə məlumdur.
“Bu gün selakantın yeganə canlı cinsi olan “Latimeria” Afrikanın şərq sahillərində və İndoneziyada iki növlə təmsil olunur”, - deyə Cenevrə Təbiət Tarixi Muzeyinin Geologiya və Paleontologiya Departamentinin əməkdaşı Dr. Lionel Cavin bildirib.
Təkamül prosesi zəif getdiyindən elmdə bu sarkoptergiya balığına “canlı fosil” ləqəbi verilib. “Latimeria” növünün geniş əraziyə yayılması onun nəslinin kəsilməsinə qarşı böyük müqavimət kimi qiymətləndirilir.
Tərcümə etdi: Alidə ZEYNALOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi