Naxçıvan Televiziyasının efirində yayımlanan “İrs” verilişinin növbəti buraxılışı AMEA Naxçıvan Bölməsinin çoxşaxəli fəaliyyətinə və elmi nailiyyətlərinə həsr edilib.
Verilişdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müsahibəsində bölmənin təsis olunması, keçdiyi inkişaf yolu, eləcə də elmi-tədqiqat sahəsində qazanılan mühüm uğurlar barədə ətraflı məlumat verib.
AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev isə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun fəaliyyəti, aparılan arxeoloji tədqiqatların Naxçıvanın qədim tarixinin və zəngin abidələrinin öyrənilməsindəki rolu haqqında danışıb.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva diqqəti iyulun 23-dən Şərur rayonundakı Xələc yaşayış yerində işə başlayan arxeoloji ekspedisiyaya cəlb edib. Bildirib ki, aparılan qazıntılar nəticəsində erkən orta əsrlərə və son antik dövrə aid mədəni təbəqələr, keramika məmulatları və ictimai tikili qalıqları aşkar edilib. Qeyd olunub ki, II Xələc abidəsi regionun tarixi yaddaşını zənginləşdirən dəyərli mənbədir. Ərazidəki arxeoloji qazıntıların avqust ayının sonunadək davam etdirilməsi planlaşdırılır.
Verilişdə, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Səfər Əliyev və böyük laborantı Abutalıb Ağa Kəngərli müsahibəsində bu tədqiqatların əcdadlarımızın həyat və fəaliyyəti ilə bağlı mühüm tarixi faktları ortaya çıxardığını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.