AMEA Hüseyn Cavidin Ev Muzeyinin həmtəşkilatçılığı ilə Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” adlı elmi-praktik konfrans keçirilib.
Konfransdan öncə hazırlanmış sərgidə muzeyin fondunda mühafizə olunan Ərtoğrol Cavidin Nizami qəzəllərinə bəstələdiyi musiqilərin not yazılarının əlyazmaları ictimaiyyətə təqdim edilib. Nümayiş olunan yeni nəşrlər sırasında muzeyin çap etdirdiyi “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab da yer alıb.
Daha sonra konfransın plenar iclasında AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Nizami Gəncəvi irsi və Ərtoğrol Cavid” mövzusunda məruzə edərək Ərtoğrol Cavidin dahi şairin əsərlərinə olan sonsuz məhəbbətindən danışıb. Məruzəçi geniş “Ön söz” yazaraq çapa hazırladığı “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitabın da bu məhəbbətin bariz nümunəsi olduğunu söyləyib. Alim rəhbərlik etdiyi muzeyin fondunda mühafizə olunan materiallardan çıxış edərək Ərtoğrolun təkcə Nizami əsərlərinə musiqi bəstələmədiyini, eyni zamanda dahi şairin əsərlərinin el variantlarını toplayıb, həmin materialları sistemləşdirdiyini, onlara elmi rəylər yazıb, şərh verdiyini də vurğulayıb.
G.Babaxanlı bildirib ki, bu kitabda toplanan materiallar təkcə nizamişünaslar üçün deyil, həmçinin ədəbiyyatşünaslıq, folklorşünaslıq, musiqişünaslıq və digər sahələr ilə məşğul olan mütəxəssislər üçün də zəngin xammaldır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.