25 noyabr 2021-ci il tarixində “Nizami Gəncəvi Beynəlxalq Forumu” çərçivəsində Fairmont otelində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə, “Nizami Gəncəvi ili” çərçivəsində çap edilən Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.
Azərbaycan və Özbəkistanın tanınmış alimləri, dövlət rəsmiləri, nizamişünaslar, elm və ictimaiyyət xadimləri, media nümayəndələrinin də iştirak etdiyi tədbirdə təqdim olunan nəşrin Ön söz müəlliflərindən biri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli də çıxış edib. Alim altı il ərzində Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən orijinaldan özbək dilinə çevirilmiş “Xəmsə”nin bu nəşrinin əhəmiyyətindən söz açıb, onun Nizami irsininin öyrənilməsi və tədqiqi baxımından çox əhəmiyyətli mənbə olacağını bildirib. T.Kərimli qeyd edib ki, Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilmiş bu layihə təkçə Özbəkistan və Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük mədəni hadisədir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev mərasimdə iştirak edən Nizamişünas alimləri, o cümlədən Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlini və həmin institutun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadəni Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş xatirə nişanı” ilə təltif edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.