24-26 noyabr tarixlərində Gəncə şəhərinə ezam olunan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Akademiyanın Gəncə bölməsi və MEK-in birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş sərgi və elmi-praktiki konfransda iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev cari ilin ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb, şeyx Nizaminin torpağında təşkil olunan konfransın elmi mahiyyətindən danışıb.
Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevanın “Nizami Gəncəvi irsinin araşdırılmasında informasiya resurslarının rolu” haqqında geniş məruzəsi dinlənilib. “2021-ci ildə AMEA-da Nizami Gəncəviyə həsr olunmuş onlarla kitab işıq üzü görüb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Мыслитель, затменный славой поэта. О научном мировоззрении Низами Гянджеви” adlı kitabları və digər nəşrlər, eləcə də MEK tərəfindən hazırlanan və yaxın zamanlarda işıq üzü görəcək “Nizami Gəncəvi” adlı biblioqrafik göstərici dahi mütəfəkkirin yaradıcılığının araşdırılmasında qiymətli mənbə olacaq”, - deyə icraçı direktor qeyd edib.
Tədbir zamanı MEK-in İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın bir neçə ay əvvəl işıq üzü görən “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsaiti də təqdim olunub. “Elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan metodik vəsaitdə AMEA-nın institutlarının kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilib”, - deyə müəllif qeyd edib. S.Məmmədovanın, həmçinin mövzu ətrafında məruzəsi də dinlənilib.
Konfransda MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” biblioqrafik göstərici haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, rus və Azərbaycan dillərində materialları əhatə edən biblioqrafik göstərici 44 günlük İkinci Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında hazırlanıb.
MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova isə bu torpaqda yaşayan dahi mütəfəkkirin yazdığı əsərlərin bütün dünyada məşhur olduğunu böyük qürur hissi ilə bildiriblər.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyevanın “Gəncəli şair Nizami qlobal şəxsiyyətdir”, Gəncə Bölməsinin elmi işçisi Vüsalə Hüseynovanın “Şeyx Nizami irsinin təbliğində Gəncə kitabxanalarının əhəmiyyəti”, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyevanın “XXI столетие размышления о поэте XII века Низами Гянджеви”, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, elmi işçi Xəyalə Hüseynovanın “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd peyğəmbərlik və insanlıq etalonu kimi”, elmi işçi Türkan Verdiyevanın “Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri” adlı məruzələri dinlənilib.
Tədbir zamanı AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev elmi-praktiki konfransdakı məruzələrin “Elmi Əsərlər” jurnalında çap olunacağını iştirakçıların diqqətinə çatdırıb.
Sonda isə hər iki müəssisə qarşılıqlı mübadilə yolu ilə bir-birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərini və onun haqqında yazılmış əsərləri, eyni zamanda elmin digər sahələrini əhatə edən dəyərli kitabları hədiyyə ediblər.
Qeyd edək ki, səfər çərçivəsində MEK əməkdaşları Gəncə Heydər Əliyev Mərkəzi, qüdrətli qələm ustasının adını daşıyan Məqbərə Kompleksi, 2014-cü ildə istifadəyə verilmiş Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə ziyarətgah” kompleksi ilə yaxından tanış olub, Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabrın 11-i tarixində Gəncə şəhərində Qələbə parkının yaxınlığında yerləşən yaşayış binalarına erməni qüvvələri tərəfindən ilk ballistik raket zərbəsi endirilən ərazini ziyarət ediblər. Həmçinin Mərkəzi Elmi Kitabxananın əməkdaşları Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunan I Gəncə Kitab Sərgisinə də qatılıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.