AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsi artıq üçüncü ildir ki, uğurla davam edir. Layihə çərçivəsində 2021-2022-ci tədris ilində bölmənin 29 elmi əməkdaşı və muxtar respublikanın ümuməhsil məktəblərindən 50 şagirdin iştirakı ilə 36 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Layihələrin icrası zamanı şagirdlərə elmi tədqiqat aparmaq, nəzəri biliklərin tətbiqi, sistemləşdirilməsi kimi bacarıqlar aşılanır. Beynəlxalq səviyyəli müsabiqə və olimpiadalarda iştirak edən Naxçıvan məktəbliləri parlaq zəka nümayiş etdirirlər.
Gənc nəsildə elmə marağın artırılmasında səmərəli faliyyət göstərən alimlərdən biri də Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır. Hazırda onun rəhbərliyi ilə dörd məktəbli iki layihə üzərində çalışır.
“Naxçıvan Muxtar Respublikası ərazisindəki yeraltı suların fiziki-kimyəvi xassələrinin təyini” layihəsinin icraçısı Naxçıvan şəhər 3 saylı orta məktəbin X sinif şagirdi Fərid Cabbarov və “Naxçıvan Muxtar Respublikası ərazisindəki artezian sularının tədqiqi” layihəsinin icraçısı Naxçıvan şəhər 14 saylı tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərli Erudit onlayn beynəlxalq kimya müsabiqəsinə qatılıb, hər iki şagird I dərəcəli diplom və qızıl medala layiq görülüb.
Bununla yanaşı, məktəblilər kimya fənni üzrə Moskvada keçirilən “Bilik zamanı” (“Время знаний”) Ümumrusiya olimpiadasında və Sankt-Peterburqda baş tutan onlayn “Prestij” (“Престиж”) Beynəlxalq Təhsil Portalının “Ətrafımızdakı kimya” olimpiadasında 1-ci yerə çıxıb, I dərəcəli diplomla mükafatlandırılıb.
Qeyd edək ki, dosent Fizzə Məmmədova məktəblilərə göstərdiyi səmərəli elmi rəhbərliyə görə müsabiqələrin münsiflər heyəti adından minnətdarlıq məktubu alıb, I dərəcəli diplom və medalla mükafatlandırılıb. “Sabahın tədqiqatçıları” layihəsində məhsuldar fəaliyyəti ilə seçilən tədqiqatçının ardıcılları bu günə qədər müxtəlif beynəlxalq səviyyəli müsabiqə və layihələrdə ölkəmizi uğurla təmsil edib və ümumilikdə 1 gümüş, 8 qızıl medal, 16-sı I dərəcəli olmaqla 18 diploma layiq görülüblər. Məktəblilərin hazırladıqları elmi məqalələr müxtəlif toplumarda dərc olunub.
2021-2022-ci tədris ili üzrə ilk uğurlarına imza atan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər yeni-yeni nailiyyətlər vəd edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.