Qazaxıstan Respublikası Satbayev adına Qazaxıstan Milli Texniki Tədqiqat Universitetinin dəvəti ilə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru g-m.e.d, prof. Vaqif Qurbanov və şöbə müdiri, AMEA-nın müxbir üzvü t.e.d., professor Qalib Əfəndiyev Kanış Satbayevin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Plenar iclasın açılışında akademik Fəxrəddin Qədirov Cənubi Xəzər çökəkliyinin geoloji quruluşu və geodinamikası mövzusunda geniş şəkildə çıxış edib. G-m.e.d, prof. Vaqif Qurbanov Qazaxıstanın Cənubi Manqışlaq neftli-qazlı zonasının mezozoy yaşlı çöküntü kompleksinin litologiyası və neft-qazlılığı mövzusunda çıxış edib. T.e.d., professor Qalib Əfəndiyev Neft mədən təcrübəsində qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsi mövzusunda elmi məruzə edib.
Tədbirin ikinci günündə Satbayev Universitetinin rektoru Meyram Beqentayev və Beynəlxalq əməkdaşlıq və strateji inkişaf üzrə prorektoru Samqat Yermekbayevin iştirakı ilə Neft-Qaz Mühəndisliyi İnstitutunda gələcək elmi işlərin planlaşdırılması və kadrların hazırlanması barədə məsləhətləşmələr aparılıb. Birgə monoqrafiya və dərsliklərin müştərək hazırlanması planlaşdırılıb.
Sonda Satbayev Universitetinin rektoru Meyram Beqentayevin təklifi ilə Neft və Qaz İnstitutu və Satbayev Universitetinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin neft və qaz axtarışı və ekoloji problemlər” mövzusunda beynəlxalq elmi praktiki konfransın keçirilməsi planlaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.