Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2025 14:50
  • A-
  • A
  • A+

“Azərbaycanın yazılı keramika nümunələrində Xorasan mədəniyyətinin izləri” adlı məqalə çapdan çıxıb

“Azərbaycanın yazılı keramika nümunələrində Xorasan mədəniyyətinin izləri” adlı məqalə çapdan çıxıb

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədlinin “Azərbaycanın yazılı keramika nümunələrində Xorasan mədəniyyətinin izləri” adlı məqaləsi Türkiyənin “DergiPark” bazasında indekslənən “Akademik Tarih ve Düşünce Dergisi”ndə işıq üzü görüb.

Məqalədə Abbasilər və Samanilər dövründə keramika istehsalında baş verən mühüm yeniliklərdən, ümumilikdə İslam keramika sənətinin inkişafından və keramikanın epiqrafik material kimi rolundan bəhs edilir. Samanilərin epiqrafik keramikası İslam sənətinin ən incə nailiyyətlərindən biri hesab olunur. Bu keramikalar, IX-X əsrlərdə Şərqi İran və Orta Asiyada mədəniyyətlərin qovuşduğu Samanilər dövründə inkişaf etmiş şəhər cəmiyyətinin məhsulu idi. Onlar müxtəlif millətlərin mədəniyyətlərinin - farsların, ərəblərin, türklərin, Sasani irsinin, İslamın təsirlərinin və Çin keramika sənətinin unikal sintezini əks etdirir.

Azərbaycandan tapılmış Samani sikkələri və keramika nümunələri Xorasan mədəniyyətinin ölkəmizdən də yan keçmədiyini göstərir. IX-X əsrlərdə Xorasanda formalaşan mədəniyyət və ədəbiyyat XI əsrdə Səlcuq türklərinin qərbə doğru axını nəticəsində Azərbaycan ərazisindən keçərək Anadoluya qədər yayılmışdır.

Samanilərin Azərbaycan mədəniyyətinə təsirini hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunan X-XI əsrlərə məxsus qab nümunəsində görmək mümkündür. Alidlərin mədəniyyətinə aid, Cənubi Azərbaycandan tapıldığı güman edilən şəffaf şir altında ağ slip zəmində qəhvəyi slip ilə boyanmış saxsı qab nümunəsi üzərində ərəb qrafikasının kufi xətti ilə ərəb dilində yoxsulluq haqqında kəlam yazılmışdır. Bənzər keramika nümunələrinin üzərindəki yazıların tədqiqatına dayanaraq, kəlamın Həzrəti Əliyə məxsus olduğunu demək mümkündür.

Qeyd edək ki, sözügedən jurnal “Harvard University Database”, “Erih Plus”, “Index Copernicus”, “Crossref”, “İSAM”, “ASCI” və s. bazalarda indekslənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: