Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2025 09:51
  • A-
  • A
  • A+

Professor Roida Rzayeva Laçında dəyirmi masada çıxış edib

Professor Roida Rzayeva Laçında dəyirmi masada çıxış edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 2-4 iyun 2025-ci il tarixlərində Laçın şəhərində keçirilən “Laçın - Birliyin mədəniyyət paytaxtı 2025” tədbiri çərçivəsində təşkil olunmuş dəyirmi masada çıxış edib.

“Mədəniyyətlərarası əməkdaşlıq dayanıqlı inkişafa aparan yol kimi” adlı dəyirmi masada açılış nitqi ilə Azərbaycanın mədəniyyət nazirinin müavini S.Yusifova, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun İdarə Heyətinin həmsədri M.Şvıdkoy və MDB baş katibinin müavini N.Seytimov çıxış ediblər.

Professor R.Rzayeva dəyirmi masada məruzəçi qismində iştirak edib və “Qarşılıqlı fəaliyyət fəlsəfəsi və onun mədəniyyətlərarası əməkdaşlıqda rolu” mövzusunda məruzə ilə çıxış edib.

Roida Rzayeva məruzəsində qeyd edib ki, müasir həyatın qloballaşması və beynəlmiləlləşməsi dialoqun yeni formada dərk edilməsini şərtləndirir ki, bu da öz növbəsində diqqəti bir tərəfdən onun qurulması və şərh formalarına, digər tərəfdən onun həyatın müxtəlif sahələrindəki funksiyalarına, xüsusən də mədəniyyətlərin dialoqunda və mədəniyyətlərarası əməkdaşlıqda yeri və roluna yönəldir.

Xüsusilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Laçında mədəniyyətlərarası əməkdaşlıqla bağlı tədbirin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır. Azərbaycanın bu sahədə təcrübəsi maraq doğurur.

Alim qeyd edib ki, bu gün keçmişə maraq və gələcəyə açıqlığın vəhdəti daha da aktuallaşır. Mədəniyyətlərarası əməkdaşlıq məhz bu təməl üzərində qurulmalıdır. Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq davamlılıq və innovasiya prinsipləri əsasında, yəni ənənələri qoruyub saxlamaqla müasir dünyanın reallıqlarını nəzərə alaraq qurulmalıdır.

Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri F.Cumayevin moderatorluğu ilə keçirilən dəyirmi masada həmçinin beynəlxalq humanitar əməkdaşlıq üzrə ekspert, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Axundova və Birlik ölkələrindən digər ekspertlər çıxış ediblər.    

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: