Dekabrın 20-də AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-nun Baş Qərargahında keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransda iştirakı ilə əlaqədar Fransa Respublikasına səfərinin nəticələri haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, Parisdə UNESCO-nun Baş Qərargahında baş tutan beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd “Divanü lüğat-it Türk”ün dünya mədəniyyətinə, eyni zamanda türk xalqlarının dilinin inkişafı və mədəni irsinə verdiyi töhfələri və abidənin elmi mahiyyətini diqqət mərkəzinə gətirmək olmuşdur. Akademik İsa Həbibbəyli tədbir çərçivəsində Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin AMEA nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yenidən çap olunmuş rus dili nəşrinin təqdimatlarının da baş tutduğunu söyləyib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA Rəyasət Heyətinin 29 yanvar 2024-cü il tarixli iclasında “Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin çapa hazırlanması və nəşri haqqında” qərar qəbul olunub. Qərarda özbək əsilli Azərbaycan alimi, repressiya qurbanı olmuş Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin aşkar edilib tapılması mühüm elmi hadisə kimi dəyərləndirilib. AMEA Rəyasət Heyətinin 5 mart 2024-cü il tarixli iclasında “Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşri haqqında” qərarına əsasən isə əsərin türk respublikalarının Elmlər akademiyalarında, digər elm, təhsil və mədəniyyət qurumlarında təqdimatlarının keçirilməsi və kitabın həmin qurumların kitabxanalarına göndərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
AMEA-da hazırlanan nəşrin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Elmlər Akademiyasının 80 illik tarixindəki ən əlamətdar hadisələrdən biri olduğunu deyən akademik İsa Həbibbəyli tədbirin baş tutması istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və onun prezidenti Aktotı Raimkulovanın, həmçinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin səylərini yüksək qiymətləndirib, minnətdarlığını bildirib.
“Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın dörd bölmə üzrə təşkil olunduğunu deyən akademik İsa Həbibbəyli tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO yanında Daimi Nümayəndəliklərinin, eləcə də avropalı türkoloqların iştirak etdiyini diqqətə çatdırıb.
Tədbirin dördüncü bölməsinin özünün moderatorluğunda baş tutduğunu deyən akademik İsa Həbibbəyli burada Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin AMEA-da tapılmış və Xalid Səid Xocayevə aid olan latın əlifbası ilə Azərbaycan dilinə çevrilmiş nadir əlyazmasının nəşrinin təqdimatının keçirildiyini bildirib. Qeyd edib ki, təqdimatda Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin, professor Həsən Həsənovun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyevanın, həmçinin Türkiyə, Fransa, Hollandiya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən alimlərin çıxışları dinlənilib.
Akademik İsa Həbibbəyli “Divanü lüğat-it-türk” əsərinin Parisdə təqdimatının keçirilməsinin həm də Türk dünyasına aid bir məsələnin UNESCO səviyyəsinə çıxarılması mənasına gəldiyini, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” sözlərindən irəli gələrək AMEA-da həyata keçirilən işlərin davamı olduğunu söyləyib. Həmçinin Azərbaycan elminin inkişaf səviyyəsinin Avropanın mərkəzindən, UNESCO-nun Baş Qərargahında bütün dünyaya nümayiş etdirildiyini bildirib. AMEA rəhbəri əldə olunan bu uğurun Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin nəticəsi olduğunu deyib.
Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçıları rəhbərlik etdiyi təşkilat adından salamlayıb. Fondun yaranma tarixi və fəaliyyəti barədə məlumat verən A.Raimkulova qurumun mədəni irsin qorunması və inkişafı istiqamətində bir sıra önəmli layihələr həyata keçirdiyini bildirib. 2024-cü ilin Fondun həyatında məhsuldar il olaraq yadda qaldığını deyən A.Raimkulova Özbəkistanın tamhüquqlu üzv olduğunu, Türkmənistanın isə müşahidəçi üzv qismində qəbul edildiyini diqqətə çatdırıb. Məruzəçi, həmçinin Türk dünyasının strateji birliyinə xidmət edən layihələri, keçirilən tədbirlər, işıq üzü görən nəşrlər, bərpa olunan və gələcəkdə bərpası nəzərdə tutulan abidələr haqqında məlumatı da təqdim edib. Fondun türk mədəni irsinin qorunması istiqamətində gənclər üçün təlimlər təşkil etdiyini, ali təhsil müəssisələrində mədəni irs mərkəzlərinin açıldığını söyləyib.
UNESCO-nun Baş Qərargahında keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransın və nəşrlərin təqdimatının tarixi hadisələrdən olduğunu deyən Aktotı Raimkulova qeyd edib ki, AMEA-nın Dilçilik İnstitutunun alimlərinin Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin Xalid Səid Xocayevə məxsus əlyazmasını taparaq nəşr etdirməsi Azərbaycan Milli Elmlər Akademiyasının Türk dünyasının birliyinə növbəti töhfəsidir.
Geniş məruzəsindən sonra Aktotı Raimkulova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən rus dilinə tərcümə edilmiş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini akademik İsa Həbibbəyliyə təqdim edib.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənov isə çıxışında UNESCO-da Azərbaycan alimlərinin iştirakı ilə keçirilən tədbirin yüksək səviyyədə baş tutduğunu bildirib. Qeyd edib ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşri Azərbaycan Milli Elmlər Akademiyasının Türk dünyasının elminə verdiyi ən yüksək töhfələrdən biridir. Bildirib ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” əsəri ilə türkologiyanın əsasını qoyub, türk xalqlarının qardaşlığına çalışıb. Vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatı türk xalqlarının etnik birliyini siyasi birliyə çevirməyə çalışır və AMEA-nın sözügedən nəşri də buna xidmət edir.
Daha sonra qeyd olunan məsələ ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin qərarı səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.