Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Vüqar Əhməd: Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi
30.05.2025 14:48
  • A-
  • A
  • A+

Professor Vüqar Əhməd: Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqı həm çar Rusiyasının istibdadı ilə mübarizə aparır, həm də təhsilə, maarifə, Avropa tipli məktəblərə can atırdı. Bu maarifçilik hərəkatı xalqın öz gücünə, ziyalılarının əzminə və xeyriyyəçilərinin dəstəyinə söykənirdi.

Bu fikirləri açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və jurnalistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd söyləyib. O bildirib ki, 1875-ci il iyulun 22-də ilk sayı nəşr olunan “Əkinçi”nin ideya rəhbəri və naşiri Həsən bəy Zərdabi mətbuat vasitəsilə xalqın maariflənəcəyinə inanırdı. O yazırdı ki, “Əkinçi” xalqı oyatmalı, onun gözünü açmalı, tənbəllikdən, cəhalətdən xilas etməlidir. O dövrdə bir çox müsəlman qəzetləri yalnız varlılara, oxumuş zümrəyə xitab edirdi. “Əkinçi” isə xalqın öz dilində, sadə və anlaşıqlı üslubda yazılırdı. Həsən bəy Zərdabi təkcə mətbuatla deyil, həm də təhsillə məşğul idi. O, ilk dünyəvi məktəblərin yaradılmasında iştirak edib, müəllim kimi fəaliyyət göstərib və məktəb rəhbəri olub. Bu baxımdan, o, maarifçilik ideyalarının həm nəzəri, həm də praktiki daşıyıcısı idi.

O dövrdə xalqın maariflənməsində xeyriyyəçi ziyalıların rolundan danışan professor bildirib ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına qız məktəbi açmış, 1896-cı ildə isə Bakı Qızlar Məktəbinin yeni binasını inşa etdirmişdi.1887-ci ildə rus-müsəlman məktəbi fəaliyyətə başladı. Burada həm rus, həm də azərbaycanlı müəllimlər dərs deyirdi. Tağıyev xaricdə təhsil almaq üçün tələbələrə təqaüdlər verir, kitabların nəşrinə, teatr tamaşalarına, milli mətbuata və xeyriyyə cəmiyyətlərinə dəstək olurdu.

Alim vurğulayıb ki, “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Tərbiyə”, “Məktəb” kimi qəzet və jurnallar da maarifçilik ideyalarını davam etdirdi. Xüsusilə “Molla Nəsrəddin” jurnalı həm xalqı güldürür, həm də güldürərək düşündürürdü. Bu nəşrlər həm təhsilin yayılmasına, həm də milli oyanışa ciddi təsir göstərdi.

“Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi. Onun ideyaları bu gün də aktuallığını saxlayır. Maarifçilik hərəkatının təməlində duran bu insanlar – Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev və başqaları millətin yaddaşında və tarixi inkişafında öz əbədi yerini alıblar”, - deyə V.Əhməd əlavə edib.

AzərTac

  • Paylaş: