1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın yaddaşına əlamətdar hadisələrdən biri kimi yazılıb. Bununla da Azərbaycan xalqı ilk dəfə müstəqil və demokratik respublika qurmaq hüququna sahib olub.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarix dövlət səviyyəsində qeyd edilir. 2021-ci il oktyabrın 15-də Milli Məclisin plenar iclasında isə “Müstəqillik Günü haqqında” qanun qəbul edilib və elə həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Həmin qərardan sonra artıq 4-cü dəfədir, 28 may tarixi ölkəmizdə Müstəqillik Günü kimi qeyd edilir. Eyni zamanda, 5-ci ildir ki, bu əlamətdar gün işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunur.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Azərbaycan-Türkiyə qardaşlığının poetik simvolu: El bilir ki, sən mənimsən...” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Bu il Müstəqillik Günü Laçında böyük qürur və təntənə ilə qeyd edilib. Mayın 28-də Müstəqillik Gününə həsr olunmuş konsert tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. Bu tədbir yalnız Azərbaycanın milli bayramının qeyd olunması deyil, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan arasında möhkəm dostluq, qardaşlıq və strateji əməkdaşlığın parlaq təcəssümü idi.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlığın ildən-ilə gücləndiyini vurğulayaraq deyib: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi”.
Dövlətimizin başçısı çıxışında 28 May – Müstəqillik Günü münasibətilə keçirilən tədbirin böyük rəmzi məna daşıdığını bildirib, 30 il ərzində işğal altında qalan Laçında üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın bir araya gəlməsinin tarixi və mənəvi əhəmiyyətini diqqətə çatdırıb. Ölkə Prezidenti bu tarixi görüşü həm də üçtərəfli əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirib, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun əbədi olacağına inamını ifadə edib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu qeyd edib. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirib, şəhidlərin xatirəsini anıb, qazilərə salamlarını çatdırıb, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirib.
Baş nazir, həmçinin Türkiyənin və Pakistanın Azərbaycana bu ədalətli, haqq mübarizəsində verdiyi dəstəyin daimi və əbədi olacağını vurğulayıb.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın konsert tədbirindəki məzmunlu və təsirli çıxışı isə xüsusi yadda qalıb. “Əvvəlcə, sizlərə “Can Azərbaycan”, “Bir millət, iki dövlət” deyiləndə qəlbində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda üç dövlət, bir millət var”, – deyə tədbir iştirakçılarına səslənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günündə Laçında keçirilən, ortaq mədəniyyəti və qardaşlığı təsdiq edən bu mənalı görüşdə Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib, xalqımıza ən səmimi təbriklərini çatdırıb.
Qardaş ölkənin Prezidenti çıxışı zamanı ölkəmizə qarşı sevgisini səmimi hisslərlə ifadə edib, Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq Səməd Vurğunun “Azərbaycan” şeirindən aşağıdakı misraları şövqlə səsləndirib:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında olan dostluğun, məhəbbətin gücləndirilərək davam etdiriləcəyini qeyd edib: “Bu xoş gündə olduğu kimi, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm”.
O, Laçında təqdim olunan musiqi proqramının Qarabağın azad torpaqlarının ruhunu, Şuşanın azadlıq əks-sədasını, Laçının ümidini və Azərbaycanın milli iradəsini əks etdirdiyini deyib. Hər bir musiqi əsərinin qəhrəman şəhidlərin qanı ilə yazılmış Zəfərin ruhunu daşıdığını söyləyib.
Türkiyə Prezidenti konserti əbədi qardaşlığın, ortaq yaddaş və birgə firavan gələcəyin rəmzi kimi dəyərləndirib.
Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi şeirlərlə də böyük maraq doğurmuşdu. Onun istiqlal şairi Əhməd Cavadın və Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlərini oxuması sosial şəbəkələrdə hər iki ölkənin vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanmışdı.
2022-ci ilin mayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında Türkiyə Prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan, Türkiyə” şeirindən misraları dilə gətirmişdi.
2023-cü ildə Naxçıvana səfəri zamanı Rəcəb Tayyib Ərdoğan böyük dramaturq Hüseyn Cavidin “Dəniz tamaşası” əsərindən misralar səsləndirmişdi.
Qardaş ölkə liderinin Azərbaycan şairlərinə müraciət etməsi hər zaman qəlbləri sevindirib, xalqlarımızın birliyini və ortaq sevincini, tarixi kökləri dərin şəkildə ifadə edib. Onun səsləndirdiyi misralar təkcə siyasi çıxış deyil, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının poetik simvolu, iki ölkə arasındakı mədəni və siyasi əlaqələrin gücləndirilməsi deməkdir.