Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili
11.12.2021 14:30
  • A-
  • A
  • A+

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili

XXI əsrin əvvəllərindən Azərbaycan dilinin inkişafı istiqamətində gedən islahatlar daha aktual xarakter alır: Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı və 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunundan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlandı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı.

XX yüzillik də Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənib, üslubları zənginləşib, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanıb. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat istifadə edilməsin.

Bütün bunlar dövlətçilik tariximizdə o qədər də asan başa gəlməyib.

Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılıb. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

… Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Müstəqilliyin ilk illərində dövlət dili ilə bağlı fərqli mövqelər ortaya qoyulurdu. Məsələnin ciddiliyini nəzərə alan ümummilli lider Heydər Əliyev bununla bağlı müzakirələr keçirir.

Xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Ümummilli lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi konsepsiyaya əməl olunmaqla həllini tapmaq işinə böyük önəm verdi. Ulu Öndərin qarşıya qoyduğu bu vacib məsələni Azərbaycan dilçiləri sosiolinqvistik planda müvəffəqiyyətlə yerinə yetirdilər. Akademik Ağamusa Axundov dövlət dilimizin adının Azərbaycan dili kimi tanınmasını (de-yurye, de-fakto) tarixilik və dövlətçilik baxımından demokratik tərzdə hərtərəfli əsaslandırdı. Bununla da dilimizin adı və məzmunu həm siyasi, həm də elmi cəhətdən birmənalı şəkildə təsbit olundu.

1990-cı il sentyabrın 11-də əlifba komissiyası yaradılır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında müzakirəyə çıxarılır və “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr səngimir. Lakin müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba Kirill əlifbası ilə paralel işlənir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı isə iki əlifbadan istifadəyə birdəfəlik son qoyur. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu.

Fikirlərimi Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini təmin etmək, dilimizi təbliğ etmək barədə ümummilli lider Heydər Əliyev olduqca dəyərli fikirləri ilə yekunlaşdırıram: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Nadir MƏMMƏDLİ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor

AzərTac

  • Paylaş: