Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tarix yazan Prezident
24.12.2021 12:15
  • A-
  • A
  • A+

Tarix yazan Prezident

Hər bir xalqın, ölkənin həyatında, inkişafında müstəsna xidmətləri olan liderlərin adları həmin xalqın tarixində həmişəlik olaraq qalır. Tarixçilər zaman-zaman öz əsərlərində onların fəaliyyətini tədqiq və təhlil edir, adlarını tarixi salnamələrə yazırlar. Amma çox az sayda liderlər var ki, onlar işləri, Vətən, xalq qarşısında xidmətləri ilə öz dövrünün tarixini və bununla da həmin tarixə öz adlarını qızıl hərflərlə yazırlar. Tarixçi alimlərə isə öz əsərlərində yalnız onların fəaliyyətini olduğu kimi işıqlandırmaq qalır.

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev dünyanın məhz belə, nadir və dahi şəxsiyyətləri sırasındadırlar. Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi formalaşıb inkişaf etməsi bu iki liderin adı ailə bağlıdır. Ulu Öndər sovet imperiyasının pəncəsindən yenicə azad olmuş Azərbaycanın müstəqilliyini qoruyub saxladı və gələcək inkişafın bünövrəsini qoydu. Prezident İlham Əliyev isə Azərbaycanın dünya dövlətləri sırasında layiqli yerini tutmasını təmin etdi. Bunu üçün uzun bir mübarizə, inkişaf yolu keçildi.

2003-cü ildə Azərbaycan Respublikasına rəhbərliyə başlayan möhtərəm Prezident İlham Əliyevin qarşısında çox böyük, taleyüklü vəzifələr dururdu. Bunlar ölkənin sosial-iqtisadi inkişafını təmin etmək, güclü ordu yaratmaq və bunun əsasında işğal olunmuş torpaqları azad etmək idi. Bütün bu müddət ərzində cənab Prezident özünün bacarığı, yüksək diplomatik məharəti ilə ölkənin iqtisadiyyatını dirçəltdi, beynəlxalq səciyyəli böyük iqtisadi layihələri, iri həcmli investisiyaları cəlb etməklə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına qaldırdı. Güclü iqtisadiyyat həm də güclü ordu deməkdir. Cənab Prezident intensiv şəkildə ordu quruculuğu ilə məşğul oldu. Hərbçi kadrların hazırlanması ilə yanaşı Azərbaycan ordusu ən müasir silahlarla təmin edildi. Məhz cənab Prezidentin düşünülmüş, müdrik siyasəti, yorulmaz fəaliyyəti sayəsində Azərbaycan iqtisadi və hərbi baxımdan regionun lider dövlətinə çevrildi.

Ən əsası isə bütün bu illər ərzində xalq öz Prezidentinə - İlham Əliyevə inanaraq onun arxasınca getmiş, Azərbaycanın inkişafı üçün yürütdüyü siyasəti dəstəkləmişdir. Cənab Prezident xalqın, xüsusilə də gənc nəslin gücünü, yüksək vətənpərvərlik ruhunu səfərbər edib vahid məqsədə - Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi üçün tarixi qələbəyə doğru məharətlə apara bildi. İkinci Qarabağ müharibəsində hər bir Azərbaycan əsgəri və zabiti məhz Ali Baş Komandan İlham Əliyevə inanaraq qəhrəmanlıqla döyüşdülər və onun rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalından azad etdilər. Cənab Prezidentin yüksək diplomatiya bacarığı, istedadlı sərkərdəlik qabiliyyəti, onun yaratdığı Prezident-Xalq-Ordu birliyi düşmən üzərində parlaq Qələbəni təmin etdi. Eyni zamanda, cənab Prezident təcrübəli dövlət xadimi olaraq beynəlxalq müstəvidə ermənilərin havadarları olan güclərə qalib gəldi. Məhz bu tarixi Qələbə sayəsində dünyanın hər bir yerində “mən Azərbaycanlıyam” ifadəsi daha yüksək fəxrlə söylənilir.

İkinci Qarabağ müharibəsi və bu müharibədə cənab Prezidentin rəhbərliyi ilə qazanılmış Qələbə Azərbaycanın həm müasir, həm də çoxəsrlik tarixinin ən şərəfli səhifələridir. Bu Qələbə nəticəsində son iki yüzillik dövrdə itirilmiş tarixi torpaqlarımızın bir hissəsi ilk dəfə olaraq azad edildi. Bu Qələbə ilə İlham Əliyev adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eyni zamanda, cənab Prezidentin uzaqgörənliklə tarixi torpaqlarımız olan qərbi Zəngəzura və İrəvana qayıdacağımız barədə qeyd etdiyi fikirlər də artıq milli təfəkkürümüzə həkk olunmuşdur və indi baş verən proseslərin buna doğru getdiyinə inanırıq.

Möhtərəm Prezident istər İkinci Qarabağ müharibəsi müddətində, istərsə də sonrakı dövrdə xarici mətbuata müsahibələrində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini hərtərəfli şəkildə şərh etmişdir. Dövlət başçısının türk, ingilis və rus dillərində müsahibələrində XIX əsrdə Cənubi Qafqazda gedən siyasi proseslər, Rusiya, İran, Osmanlı dövlətləri arasında gedən müharibələr və bu müharibələrin nəticəsi olaraq bağlanmış müqavilələr, həmin müqavilələrin şərtlərinə uyğun olaraq ermənilərin Qarabağa köçürülməsi, regionda baş vermiş geosiyasi dəyişikliklər və s. tarixi məsələlər geniş izah edilmiş, əsl tarixi həqiqətlər xarici auditoriyaya çatdırılmışdır. Başqa bir siyasətçi tapılmaz ki, bölgənin siyasi tarixini, münaqişənin tarixi köklərini İlham Əliyev qədər dərindən bilmiş olsun.

Tarixi torpaqlarımızı azad etməklə cənab Prezident daha bir şanlı tarix yazdı. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın tarixi-arxeoloji abidələrlə çox zəngin bölgələridir. Bu abidələr digər bölgələrimizdəki tarixi abidələrimizlə birgə xalqımızın milli pasportudur. İşğal dövründə ermənilər abidələrimizin böyük hissəsini dağıtmış, çoxəsrlik tarixi irsimizi Qarabağ və Şərqi Zəngəzur bölgələrindən silməyə çalışmış, bir sıra abidələrimizi isə özününküləşdirməyə cəhd etmişlər. Torpaqlarımız azad edildikcə tarixi-mədəni irsimiz də erməni faşizmindən xilas edilmiş oldu.

İşğaldan azad edilmiş rayonlara hər bir səfərində cənab Prezident tarixi abidələrimiz, onlara qarşı törədilmiş erməni vəhşilikləri problemlərinə diqqəti cəlb etmişdir. Əlbəttə, daha çox erməni vandalizminə məruz qalan islam mədəniyyəti dövrü irsimiz - məscidlər, türbələr və s. abidələrimiz olmuşdur. Möhtərəm Prezident dəfələrlə vurğulamışdır ki, otuz ilə yaxın işğal dövründə beynəlxalq təşkilatlar, o cümlədən UNESCO erməni vəhşilərinin Azərbaycan abidələrini məhv etməsinə göz yummuşlar. Amma ölkəmiz ərazisindəki konfessional fərqlərdən asılı olmayaraq bütün dini abidələr dövlət tərəfindən mühafizə edildiyi halda həmin beynəlxalq təşkilatlar Azərbaycanı guya erməni abidələrini dağıtmaqda əsassız ittiham edirdilər. Cənab Prezident öz çıxışlarında bu məsələləri dəfələrlə qaldırmış, Qarabağın və Şərqi Zəngəzurun bir sıra abidələrini, onların vəziyyətini xüsusilə qeyd etmişdir. Əlbəttə, ölkə başçısının abidələrlə bağlı daha çox qaldırdığı məsələ tarixi-memarlıq abidələri olan məscidlərdir.

2020-ci il dekabrın 23-də cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər etmişdilər. Ölkə başçısı Zəngilan rayonunda erməni işğalçıları tərəfindən dağıdılmış bir məscidin qalıqları yanında çıxışı zamanı demişdir:

“Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışıq, beynəlxalq kürsülərdən qaldırmışıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib...

Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb”.

Möhtərəm Prezidentin belə, vətən yanğısı dolu həyəcanlı çıxışı ermənipərəst beynəlxalq qurumlara onilliklər ərzində göstərdikləri ədalətsizliyə qarşı Azərbaycanın sərt mövqeyi idi. Dövlət başçısının məhz belə qətiyyətli çıxışları, müraciətlərinin nəticəsidir ki, bu məsələlərdə erməniləri müdafiə edən beynəlxalq təşkilatların səsləri son zamanlar demək olar ki, eşidilməz olmuşdur.

Araz çayı üzərində inşa edilmiş, Orta əsrlərin yadigarları olan möhtəşəm Xudafərin körpülərinin Azərbaycanın tarixində xüsusi yeri hamıya məlumdur. Yüzillər boyu Çindən Avropaya qədər uzanan Böyük İpək Yolunun əsas marşrutlarından biri məhz bu körpülərdən keçmişdir. Tarixi Azərbaycan dövlətlərinin iqtisadi-siyasi həyatında bu körpülərin çox böyük rolu olmuşdur. Xudafərin körpülərinin xalqımızın tarixi taleyində xüsusi yeri həm də ondan ibarətdir ki, bunlar Arazdan cənubda və şimalda yaşayan vahid bir xalqın - Azərbaycan xalqının mənəvi, mədəni birliyinin rəmzidir. Cənab Prezident bir tarixi abidə olaraq xalqımız üçün böyük əhəmiyyət kəsb edən Xudafərin körpülərinin erməni işğalından azad edilməsinə xüsusi önəm verir. Möhtərəm Prezidentin və birinci xanım Mehriban Əliyevanın 2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfərləri zamanı dövlət başçısının dediyi sözlər məhz bu önəmin bariz nümunəsidir: “Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq”. Bizcə yüksək vətənpərvərlik və xüsusi vurğu ilə deyilmiş bu sözlərin dərin mənasını və əhəmiyyətini əlavə şərh etməyə ehtiyac yoxdur.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın tarixi dövlətlərindən olan Qafqaz Albaniyasının vilayətləri olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Albaniyanın bir çox yerlərində olduğu kimi bu bölgələrdə də xristian dini yayılmağa başlamış, IV əsrin əvvəlində isə xristianlıq rəsmi qaydada qəbul edilmişdir. Qarabağ və Şərqi Zəngəzur məhz Alban xristianlıq ənənələrinin uzun müddət - XIX əsrə qədər saxlanıldığı bölgələrdir. XIX əsrin 20-30-cu illərində Rusiya imperiyası İran və Türkiyədən on minlərlə ermənini tarixi Azərbaycan ərazilərinə, o cümlədən Qarabağa köçürmüşdür. Bu bölgədə yerləşdirilən ermənilər öz milli xislətlərinə uyğun olaraq Azərbaycan xalqının əcdadlarından olan albanlara məxsus xristian məbədlərini kütləvi şəkildə məhv etmiş, bir qismini isə qriqorianlaşdırmışlar.

Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı dəfələrlə belə abidələri ziyarət etmiş, onların Azərbaycana, alban mədəniyyətinə məxsus olduğunu qeyd etmişdir. Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il martın 15-də Xocavənd rayonunun Hünərli kəndindəki Alban məbədi ilə tanış olublar. Burada cənab Prezident öz çıxışında demişdir:

“Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı?... Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin - alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir”.

Cənab Prezident bu sözləri ilə tariximizə, Azərbaycan xalqının əcdadlarından olan albanların mədəni irsinə qarşı erməni təcavüzünün, erməni xislətinin əsil mahiyyətini əyani şəkildə göstərmişdir. Rayonun Tuğ kəndindəki alban xristian məbədinə baxış keçirərkən cənab Prezident burada da erməni vəhşiliyini, saxtakarlığını ifşa etmişdir.

İşğal müddətində ermənilər Qarabağın bir neçə abidələrində xüsusilə də Xocavənd rayonundakı Paleolit - Qədim Daş dövrünə aid Azıx mağarasında və Ağdam rayonunda Şahbulaq qalası yaxınlığındakı Antik dövrə aid şəhər tipli yaşayış yerində qanunsuz arxeoloji qazıntılar aparmış, bu işlərə bir sıra Avropa alimlərini də cəlb etmişlər. Erməni işğalçıların məhz bu iki abidəni seçmələri heç də təsadüfi deyildir. Belə ki, Azıx mağarasında yaşı milyon ildən artıq olan ibtidai insan düşərgəsi yerləşir. Bu düşərgə qədimliyi və zənginliyi ilə bütün dünyada bu dövrə aid ən nadir abidələrdəndir. Şahbulaq şəhər yerini isə ermənilər “Tiqranakert” adlandırır və guya bu şəhərin iki min il əvvəl erməni çarı Tiqran tərəfindən salındığını iddia edirlər. Bu əlbəttə, erməni “alimlərinin” saxtakarlığının hüdudsuz olduğunun bariz nümunəsidir. Cənubi Qafqazda “Tiqranakert” adlı şəhərin olması barədə tarix elmində heç bir məlumat yoxdur.

Cənab Prezidentin ailə üzvləri ilə birlikdə 2021-ci il martın 15-də Azıx mağarasını ziyarət etməsi abidələrə olan diqqət və qayğının təzahürü olması ilə yanaşı, həm də dərin rəmzi məna kəsb edir. Bununla dövlətimizin başçısı bir daha dünyaya elan etdi ki, bu torpaqların əsil sahibləri qayıdıblar və bu abidələr də Azərbaycana məxsusdur. Bu baxımdan Azıx mağarasının önündə möhtərəm Prezidentin çıxışı tarixi əhəmiyyətə malikdir:

“Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanın yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.

Əslində cənab Prezidentin bu sözləri Azərbaycanın bütün abidələrinin qorunması və qanuni yollarla tədqiq edilməsi üçün rəmzi və mühüm bir çağırışdır.

Möhtərəm Prezident Ali Baş Komandanı olduğu qəhrəman Azərbaycan Ordusu ilə tarixi torpaqlarımızı, bu yerlərdəki tarixi abidələrimizi azad etdi və bununla Azərbaycanın yeni şanlı tarixini yazdı.

Nəcəf MÜSEYİBLİ, tarix elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: