Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

08.05.2025 09:52
  • A-
  • A
  • A+

Faşizm üzərində qələbənin 80 illiyi

Faşizm üzərində qələbənin 80 illiyi

Bütün dünya xalqları, xüsusilə keçmiş Sovet İttifaqında məskunlaşmış və onun tərkib hissəsini təşkil edən respublikalar 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 80 illiyini qeyd edirlər.

Mən də öz növbəmdə bir neçə müharibə iştirakçısı haqqında oxuduqlarımı və eşitdiklərimi yazıya almağımı Vətənim qarşısında özümə borc və böyük qürur hesab edirəm.

Mənim Bakı şəhərində 40 ilə yaxın müddətdə yaşadığım, İnşaatçılar prospektində yerləşən və “bolşoy dvor” adlandırılan hərbi şəhərcik 1953-cü ildə Boyük Vətən müharibəsi veteranları üçün salınmışdır. Bu şəhərcikdə ucalan 40 nömrəli bina müharibədə iştirak etmiş (rus dilində PVO deyilən) Hava Hücumundan Müdafiə döyüşçüləri üçün tikilmişdi. Bu veteranlardan bir çoxları ilə həyatda olduqları vaxt qonşu kimi dəfələrlə görüşmüşəm, söhbətlər eləmişəm. Onların  əksəriyyəti vəfat etmişlər. Lakin ailə üzvlərindən bir neçəsi ilə mən indi də ünsiyyətdəyəm.

Onlardan biri 1945-ci ildə Berlində faşizm üzərində qələbə bayrağını dalğalandıran əfsanəvi polkovnik  Rəşid Məcidovun gəlini 77 yaşlı Tamara Mixaylovna Məcidovadır. Onun ailəsi və daha bir neçə müharibə iştirakçısı haqqında oxuduqlarımı və eşitdiklərimi yazıya almağımı Vətənim qarşısında özümə borc və böyük qürur hesab edirəm.

Tamara xanımın valideyiləri də müharibə qəhramanları olmuşlar. Mənə bu şəxslərin hər ikisini görmək və tanımaq nəsib olmuşdu.

Tamara xanımın atası polkovnik Baranov Mixail Georgieviç 1913-cü ildə Kirov şəhərində anadan olmuşdur. Müharibə illərində Leninqrad hərbi akademiyasında oxumuş, döyüşlərdə iştirak etmişdir. Leninqradın (indi Sankt Peterburq) mühasirəsi zamanı don vurmuş Baranovu cənub cəbhəsinə, Azərbaycanın Yevlax şəhərinə bölmə komandiri olaraq göndərirlər. Bu illərdə o, Tamara xanımın anası 23 yaşlı zenitçi (təyyarəvuran topçu) Valentina Gerasimovna Smorçkova ilə tanış olur. Hər ikisinin fədakarcasına iştirak etdikləri müharibə bitdikdən sonra onlar evlənirlər və bu izdivacdan Tamara və Vladimir adlı iki övladları dünyaya gəlir. Atası polkovnik Baranov Hava Hücumundan müdafiə dairəsi qərargahı nəzdində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmış və 85 yaşında vəfat etmişdir. Valentina Gerasimovna 1944-cü ildə “Qafqazın müdafiəsi” medalı ilə təltif olunmuşdu. O, 92 yaşında dünyasını dəyişmişdir. Valentina Gerasimovna Smorçkovanın (ailə qurandan sonra Baranova) müharibə illərində etdiyi qəhrəmanlıqlar üzərində bir qədər dayanmaq istərdim.

Valentina 1921-ci ildə Bakıda anadan olmuşdur. O, VNOS deyilən (Служба воздушного наблюдения, оповещения и связи) hava müşahidəsi, xəbərdarlığı və rabitəsi xidməti postunun başçısı olan ilk qız döyüşçü idi. 

Ümumittifaq plana uyğun olaraq Hava hücumundan müdafiə vasitələri, qoşunları və əhalini düşmən aviasiyasının həmləsindən xəbərdarlıq məqsədi ilə 1924-25-ci illərdə Şimali Qafqaz və Zaqafqaziya ərazisində hərbi hava hədəflərinin kəşfiyyatı təşkil olunmuşdur. Onun adı qısaldılmış halda VNOS idi. Bu xidmətin Yevlax şəhərindəki bölməsinə başçılıq edən gənc qız  təyyarəvuran  Valentina Smorçkova hər zaman rəhbərlik etmək bacarığını nümayiş etdirirdi. O, öz işinə vicdanla yanaşır və düşmən təyyarələrinin hücumlarını müvəffəqiyyətlə dəf edirdi. VNOS xidmətinin əsasını hava müşahidə postları təşkil edirdi. Onlar şahmat qaydası ilə iki xətdə düzülmüşdülər. VNOS-un vəzifələrini hərbçi qızlar icra edirdi. Döyüşçü qızlar bilavasitə müşahidə postlarında hava düşmən kəşfiyyatı üzrə döyüş təcrübəsi əldə etmişdilər. Onların bir çoxuna əldə silahla mövqelərimizi müdafiə etmək lazım gəlirdi. O illərin qəzetləri yazırdı: “Müharibənin gedişində bizim hissələrin VNOS xidməti müşahidə postları və RLS (Radiolokasiya xidməti) hərbi hissələri tərəfindən Bakıya daxil olmağa cəhd edən 70-dən çox düşmən təyyarələri aşkar edilmişdir. Onlar neft şəhərini müdafiə edirdilər. Faşist işğalçılar Bakını tutmaq və ordunu neftdən təcrid etmək istəyirdilər. Leytenant V.İ.Qladkovun rəhbərlik etdiyi rotanın VNOS xidmətinin döyüşçüləri xüsusilə seçilirdi. 1942-ci il mayın əvvəllərində serjant Smetaninin komandanlıq etdiyi yüksək dağ müşahidə postu faşist bombardmançı kəşfiyyat təyyarəsi olan “Heynkel-111” ilk uçuşunu qeydə aldı. Tezliklə bu məlumatı serjant Smorçkovanın başçılıq etdiyi digər post da təsdiqlədi. O, müşahidə postu komandiri vəzifəsinə təyin edilən ilk qadın döyüşçü idi.. Yüksək dağ postları gecə-gündüz çətin şəraitdə durmadan hava kəşfiyyatı aparırdılar. Yefreytor Allahverdiyevin komandanlıq etdiyi müşahidə postunun döyüşçülərini fəlakətlərlə mübarizədə göstərdikləri şücaətlərə görə “dağ qartalları” adlandırırdılar. Bu postun müşahidəçiləri Narkadzi, Həsənov, Qolopuzov bu yerlərin mürəkkəb relyefindən istifadə edərək Bakıya hücum etmək istəyən düşmən təyyarələrini dağlarda aşkar edib qarşısını almışdılar”.

Qeyd olunmalıdır ki, müharibənin dəhşətli günlərində Vətənin müdafiəsində bütün xalqla birlikdə Hava Hücumundan Müdafiə qüvvələri fədakarcasına iştirak edirdi. Bu qoşunların cəbhəboyu düzülməsi Bakıda müəyyən edilmiş qaydada və mütəşəkkil surətdə həyata keçirilmişdi. Hərbi hissələr hava hücumunu dəf etməyə hər zaman hazır idilər. Müharbənin ilk anlarından Azərbaycan döyüşçüləri bütün cəbhələrdə özlərini məğrur, sarsılmaz, mətin, cəsarətli əskər kimi göstərmişdilər. Bakıya gələn Hava Hücumundan Müdafiənin 15-ci briqadasının döyüşçüləri xüsusi fədakarlıq göstərmişdi. Hərbi texnika artilleriya qərargahının 1-ci dərəcəli zabitləri Y.Lemeşev və H.Rəsulbəyov (sonralar mühəndis-texniki xidmətinin general-leytenantı rütbəsinədək yüksələn) 1941-ci il avqustun 23-də Odessa limanını qoruyan hərbi hissəyə gəldilər. Batareya komandiri kapitan S.Ştukaturovla birlikdə onlar əsgərləri düşmənlə döyüşə hazırlayırdılar.

1967-ci ildə yazılmış “Hava hücumundan müdafiə Bakı dairəsinin tarixi. Qısa oçerk (1920-1966)” (История Бакинского округа противовоздушной обороны. Краткий очерк (1920-1966 гг). Редакционная коллегия:Генерал-лейтенант Чубаров С.К. (главный редактор), Бандурин В.И. (зам.главного редактора), Панжинский С.П. (зам. главного редактора), Александров М.М., Быченко В.И., Гичко Г.А., Зубрев В.Н., Расулбеков Г.Д..В написании истории принимали участие: Михайлов С.Е., Баранов П.В., Бутенко П.И., Баранов М.Г., Вяткин А.Г., Серов Г.М., Старов И.Ф., Столяренко С.М., Шустов А.Н.) kitabında ilk dəfə olaraq Bakı dairəsi döyüşçülərinin cəsarəti, şücaəti və Vətənə sədaqəti toplam şəkildə öz əksini tapmışdır. Burada 1920-1941-ci illərdə Bakı sənaye rayonunun havadan müdafiə sisteminin təşəkkülü və inkişafından bəhs edilir. Kitabın müəllifləri içərisində mənim mərhum qonşum polkovnik Baranov Mixail Georgiyeviç  və general-leytenant H.Rəsulbəyov də var idi.

Adı çəkilən kitabda oxuyuruq: “Saat 12.10-da çoxlu düşmən təyyarələri göründü. Atəş mövqeyinə çatmamış onlar iki hissəyə bölündülər. Az hissəsi limana doğru istiqamət götürdü, çoxları isə kənara çəkildi. Bu düşmənin kələyi idi. Elə ki, əsgərlər 1-ci qrupu atəşə tutub özlərini büruzə verdilər, 2-ci qrup kənardan gizlicə çıxaraq batareyanın (hərbi hissənin) üzərinə şığıdı. Qeyri-bərabər döyüş başladı. Havada tüstü və toz aləmi bürüdü. Sanki batareya yerlə-yeksan olacaqdı. Y.Lemeşev ağır yaralanmış top komandirini əvəz etdi, Hüseyn Rəsulbəyov isə həlak olmuş top tuşlayıcının yerinə keçdi. Döyüş davam edirdi. Faşist boçbardmançılarından biri vuruldu və mövqedən 400 m aralıda dənizə düşdü. Bir az sonra ardınca o biri də suya düşdü. 4 maşın itirən faşistlər bombaları hara gəldi atıb qaçdılar. Topçuların dəqiq atəşi düşmən təyyarələrini uzun müddət bu sektordan yan keçməyə məcbur etdi.

Bakıda briqada zabitləri döyüş təcrübələrini xüsusilə yeni 85 mm topları və ПУАЗО-3-dən istifadə təcrübəsini bölüşür və ölkənin cənub sərhədlərini müdafiə edənləri ruhlandırırdılar. HHM 15-ci briqadası korpusun tərkibində cəmi bir aya yaxın oldu və Bakıda təşkil edilmiş divizionları (bölmələri) öz tərkibinə daxil edib Novorossiysk şəhərinə yola düşdü. O, Kerç yarımadasında çıxarılmış desantda iştirak edirdi. HHM-nin əsas vasitələri olan zenit topları və qırıcı aviasiya Bakı sənaye rayonunun obyektlərini sədaqətlə himayə edirdi.

Müxtəlif cəbhələrdə vuruşan Bakı dairəsinin hərbi hissələri faşizm üzərində qələbəyə öz töhfəsini vermişdilər. Müharibə illərində onlar düşmənin minlərlə təyyarəsini, topunu, tankını və canlı qüvvəsini məhv etmişlər.

Əfsanəvi qəhraman polkovnik Rəşid Məcidovu xüsusi qeyd etmək istəyirəm.

Müharibə qəhrəmanlarından olan Sovet İttifaqı marşalı G.K.Jukov xatirələrində yazır: “Berlinə şərqdən daxil olan general P.A.Firsovun 26-cı qvardiya korpusunun və general D.S.Jerebinin 32-ci korpusunun tərkibinə daxil olan aşağıdakı qoşunlar idi: (bir neçəsini sadaladıqdan sonra)... 416-cı diviziya (komandiri general D.M.Sızranov, siyasi şöbənin rəisi polkovnik P.Ə.Məcidov)”. (Маршал Советского Союза Г.К.Жуков. Вспоминания и размышления. Изд-во Агентство печати новости. Москва, 1969). 

416-cı diviziyanın tarixi 1942-ci ilin fevral ayından başlayır. O zaman Zaqafqaziya hərbi dairəsinə başçılıq edən ordu generalı İvan Tyulenevin əmri ilə 4 atıcı alayın təşkilinə başlandı: ikisi Ağdamda, biri Göyçayda və digəri Sumqayıtda. Diviziyanın qərargahı Ucarda yerləşirdi. Azərbaycan atıcılarının ilk sınağı Şimali Qafqaz oldu. 1942-ci ilin payızında 44-cü ordu (416-cı diviziya onun tərkibinə daxil idi) strateji cəhətdən əhəmiyyətli olan Mozdok şəhəri uğrunda vuruşur. Diviziya komandiri polkovnik Tərlan Əliyarbəyov idi. O, çar ordusunun təcrübəli zabiti olmuşdur. Əliyarbəyov həm də ADR ordusunun qurucularından idi. Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçmiş və general-mayor rütbəsinədək ucalmışdı. Qafqazı işğalçılardan azad etməkdə bu diviziyanın rolu böyükdür. Onun tərkibi əsasən azərbaycanlılardan ibarət idi. 1368-ci atıcı alayı pulemyot bölməsinin komandiri Ağaşirin Cəfərov bir neçə dostları ilə birlikdə almanlara hücum edib pulemyotdan atəş açmışdı. Üç dəfə yaralanmasına baxmayaraq Cəfərov hərbi bölmə cəbhəni yarıb keçənə qədər mövqeyini buraxmadı. 416-cı diviziya bir çox şəhərlərin azad edilməsində iştirak etdi. Onlar bir çoxlarından tez Berlin şəhərinə yaxınlaşdılar. 1945-ci il aprel ayının 20-də diviziyanın 1373-cü alay komandiri podpolkovnik Zəqəfran Seyidbattalov aldığı yaralardan həlak olmuşdu. Alaya rəhbərliyi müvəqqəti olaraq diviziya komandirinin müavini general Zyuvanov öhdəsinə götürdü. Yeri gəlmişkən qeyd edək ki, Vladimir Zyuvanov da əslən azərbaycanlı idi. Onun əsil adı Heybət Heybətov olmuşdu. Hələ uşaq ikən 1920-ci illərin əvvəllərində onu Qızıl Ordu komandiri Zyuvanov oğulluğa götürmüş və soyadını ona vermişdi. 1937-1938-ci illərdə Vladimir Zyuvanov 77-ci Azərbaycan atıcı diviziyasının komandiri idi, müharibə vaxtı isə 416-cı diviziyada xidmət edirdi. Azərbaycandan çağırılmış əsgərlərdən ibarət olan 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüşlərdə fədakarlıq göstərərək gəlib keçmişdi.

1945-ci il mayın 2-də 1373-cü alayın döyüşçüləri Berlində yerləşən Paris meydanına çıxdılar. General Zyuvanov burada yerləşən Brandenburq qapıları üzərində bayrağı qaldırmağı siyasi şöbənin müdiri polkovnik Rəşid Əsəd oğlu Məcidova tapşırdı. Məcidovun o zaman 37 yaşı var idi və 416-cı diviziyanın yarandığı gündən etibarən onun tərkibində idi. 4 nəfər – Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev Məcidovun başçılığı ilə qırmızı bayrağı qaldırdılar. Milyonlarla insanın həyatının və taleyinin məhv edilməsinə bais olmuş müharibəyə son qoyuldu.

Rəşid Məcidovu tanıyanlar onu diviziyanın canı adlandırırdılar. Onun haqqında general-leytenant F.Y.Bokovun dedikləri:”Sadə insan idi. Döyüşçülər arasında böyük nüfusa malik idi. Dolğun cüssəli olmasına baxmayaraq  xüsusi zirəkliyi ilə fərqlənirdi. İri qara gözlərinə baxanda istər-istəməz dikəlirdin və başını dik tuturdun”. Ümummilli lider Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini işlədiyi illərdə Azərbaycan SSR MK İnzibati şöbənin müdiri olan Rəşid Məcidova dəfələrlə təbrik məktubları göndərmişdi.

Məcidovun gəlini Tamara xanımın söylədiklərinə görə hələ Almaniyanın Qalle şəhərində olduğu illərdə o, Saratovlu radist qız Mariya İvanovla ilə evlənmişdi. Bu izdivacdan onların 3 oğlu var. Vladislav, Mikayıl və Teymur. Zamanında Məcidov da ailəsi ilə İnşaatçılar prospektində hərbçilər üçün tikilmiş binada yaşamışdı və onun oğlu Teymur ilə Tamara qonşu olub eyni məktəbdə oxumuşdular və sonralar ailə qurmuşdular. Tamara xanımın həyat yoldaşı olmuş Teymur 2002-ci ildə vəfat etmişdir. Vladislav və Mikayıl sağdırlar. Övladları və nəvələri onun soyadını daşıdıqları ilə fəxr edirlər.

Mehdi Hüseynzadə, general Həzi Aslanov, Qəzənfər Məmmədov və digər adları çəkilməyən oğulların və qızların şöhrət salnaməsi nəsildən-nəsilə ötürüləcək və gənclər qəhrəmanlığı, şücaəti, vətənə sədaqəti və hünər göstərməyi onlardan öyrənəcək. İnşaatçılar prospektində 1953-cü ildə Böyük Vətən müharibəsi iştirakçıları üçün tikilmiş binalarda yaşayıb vəfat edən veteranlar: Çernışov, Karetin, Fyodorov, Osipov, Simonçik, Qoryaçev, Kuznetsov,Yeqorov və adlarını çəkə bilmədiklərimə  və xalqımızın faşizmdən azadlığı naminə döyüşlərdə həlak olanların hər birinə Allahdan rəhmət diləyirəm.

Tahirə ƏLİYEVA, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, böyük elmi işçi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: