Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2025 12:18
  • A-
  • A
  • A+

Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti

 

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir. Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər”.

Azərbaycan xalqının Ümummillli Lideri

Heydər Əliyev

21 sentyabr 1993-cü il tarixində Prezident səlahiyyətlərini həyata ke­çirən Ali Sovetin Sədri Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşdə demişdir: “Azərbay­canda 1918-ci ildə ilk demokratik res­publika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir.” 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini nümayiş etdirib. Azərbaycanda ilk Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olub. Bu, xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Cümhuriyyəti 23 ay yaşayıb. Bu müddətdə 5 dəfə hökumət qurulub. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olub, yenidən yaranan hökumət yenə də istefa verib və beləliklə də bu ağır şəraitdə Cümhuriyyətin dövlət, hökumət orqanları istənilən fəaliyyəti göstərə bilməyiblər. Ancaq onlar öz üzərinə düşən tarixi missiyanı yerinə yetiriblər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazıblar.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi, bayrağı, himni olan müstəqil, suveren bir dövlətə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir zamanda ölkədə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində bir sıra mühüm addımlar atıb. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-iqtisadi şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. O, xalqa azadlıq, müstəqillik fikrini aşılamışdır.

Ümummilli Lider Heydər Əliyev XX əsr Azərbaycan tarixini səciyyələndirərkən qeyd etmişdi: “XIX əsrin sonu - XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi, Azərbaycan xalqının həyatının bütün sahələrində də öz təsirini göstərib. Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi edib, iqtisadi inkişafla əlaqədar olaraq bu dövrdə təhsil, elm, incəsənət və ədəbiyyat sahələrində böyük canlanma başlandı. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və sair şəhərlərdə yeni tipli şəhər və qəza məktəbləri açıldı. Qori müəllimlər seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər. Nəhayət, 1991-ci il oktyabrın 18-də Konstitusiya aktı ilə, sonra isə dekabrın axırında ümumxalq səsverməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və müstəqil dövlət kimi yaşamağa başladı. Azərbaycan Respublikasının bu gün mövcud olan dövlət müstəqilliyi böyük sınaqlardan keçib, iftixar hissi ilə demək olar ki, bu sınaqlardan şərəflə çıxıb və indi Azərbaycanın dövlət müstəqilliyi artıq mövcuddur və dönməzdir”.

Ümummilli Lider Heydər Əliyev bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: