Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

28 May – müstəqilliyin mənbəyi, milli kimliyin zirvəsi
27.05.2025 13:50
  • A-
  • A
  • A+

28 May – müstəqilliyin mənbəyi, milli kimliyin zirvəsi

28 may 1918-ci il – bu tarix təkcə bir dövlətin yaradılması deyil, bütöv bir xalqın öz taleyinə sahiblənməsi yolunda atdığı misilsiz addımdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının elan olunması anlamına gəlirdi. Bu, əsrlər boyu çar imperiyasının əsarətində yaşamış bir xalqın azadlıq ehtirasının, özünütəsdiq istəyinin və iradəsinin rəsmi təcəssümü idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qoyduğu izlər, formalaşdırdığı dəyərlər, qurduğu institutlar bu gün də dövlətimizin əsas sütunları kimi qalır. Parlamentin formalaşmasında milli, dini və etnik bərabərlik prinsipinə əsaslanması, qadınlara səsvermə hüququ verilməsi, təhsilin dünyəviləşdirilməsi kimi addımlar bu dövrün nə qədər uzaqgörən olduğunu göstərir. Bu, yalnız bir dövlət deyil, həm də milli özünüdərk mərhələsinin zirvəsi idi.

Lakin bu istiqlal əbədilik olmadı. 1920-ci ilin aprelində süquta uğrayan cümhuriyyət idealları uzun illər sovet ideologiyasının kölgəsində qalsa da, xalq yaddaşında silinmədi. Məhz buna görə də 1991-ci ildə müstəqillik yenidən bərpa olunanda, Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunmaq sadəcə hüquqi akt deyil, həm də tarixi ədalətin bərpası idi.

Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi: “Müstəqilliyi əldə etmək nə qədər çətin idisə, onu qoruyub saxlamaq daha böyük məsuliyyət, daha möhkəm iradə və daha geniş düşüncə tələb edirdi.” Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığı daxili çəkişmələr, iqtisadi çöküş və xarici təhdidlər şəraitində müstəqilliyin sabit, dayanıqlı və dönməz bir forma alması üçün əsl liderlik lazım idi. Bu liderliyi isə Heydər Əliyev təmin etdi.

1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağın rəsmi dövlət rəmzi kimi qaldırılması həmin liderliyin ən simvolik və önəmli addımlarından biri oldu. Bu hadisə təkcə bir bayrağın dalğalanması deyildi – bu, milli kimliyə, tarixi mirasa və istiqlal ruhuna qayıdışın başlanğıcı idi. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri bu gün də azərbaycançılığın və müasir dövlətçilik konsepsiyasının vizual ifadəsidir.

Azərbaycanın müstəqilliyini yenidən bərqərar etməsi və bu yolda qətiyyətli addımlar atması həm siyasi iradə, həm də xalqla liderin vəhdəti sayəsində mümkün oldu. 1991-ci ildə bu müstəqillik hüquqi şəkildə təsbit olundu və beynəlxalq aləmdə tanınmağa başladı. Lakin tanınmaq kifayət etmirdi – bu dövlətin yaşaması, möhkəmlənməsi və güclənməsi tələb olunurdu. Heydər Əliyevin qayıdışı ilə dövlət idarəçiliyində sabitlik yarandı, sistemli inkişaf mərhələsinə keçid başladı və Azərbaycanın gələcək taleyi inamla təmin olundu.

Bugünkü Azərbaycan – müasir, güclü, söz sahibi olan, regional və beynəlxalq münasibətlərdə müstəqil siyasət yürüdən bir dövlətdirsə, bu nailiyyətlərin təməlində 28 May ruhu dayanır. Bu ruh sadəcə tarixi hadisənin xatirəsi deyil, xalqımızın iradəsinin, milli birliyinin və azad yaşamaq əzminin canlı ifadəsidir. Müstəqillik bizim üçün bayramdan çox məsuliyyətdir – hər gün onun uğrunda daha da möhkəmlənmək, onu qorumaq, inkişaf etdirmək bizim əsas vəzifəmizdir.

Əgər bu gün öz dilimizdə danışır, milli dəyərlərimizi sərbəst yaşadır, dövlətimizin rəmzlərini qürurla dalğalandırırıqsa, bunun əsasında həm 1918-ci ilin 28 mayında atılan addımlar, həm də 1990-cı illərin başlanğıcında atılan cəsur qərarlar dayanır. Bu tarixlərdən öyrəndiklərimizi gələcək nəsillərə ötürmək, istiqlal ruhunu unutmamaq bizim milli vətəndaşlıq borcumuzdur.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: