Tarixdə elə hadisələr olur ki, baş verən kimi tarix olur. 20 Yanvar hadisəsi də Azərbaycan tarixində təkcə faciə deyil, azadlıq istəyinin oyanışı günüdür. Bu tarix uzun illər Sovet imperiyasının əsarətində yaşayan bir xalqın cəsarət nümayiş etdirdiyi bir tarixdir.
Çökməkdə olan sovet rejimi tarixinin amansız səhifələrinə Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törətdikləri yeni bir vəhşilik aktını əlavə etdi. O vəhşilik aktı ki, yüzlərlə dinc insanın amansızlıqla öldürülməsinə səbəb oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hiyləgər və bir o qədər də amansız sovet ordusu heç bir xəbərdarlıq etmədən paytaxt Bakıya və bir sıra şəhərlərə 35 minlik ordu ilə hücum etdi. Paytaxt Bakıya və ölkəmizin bir sıra regionlarına qarşı həyata keçirilən terrora SSRİ-nin o dövrkü müdafiə naziri Yazov başçılıq edirdi. Dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı, əlil oldu. Küçələr bayrağımızda azadlığı, müasirliyi tərənnüm edən qırmızı qanla boyandı. Zalım sovet ordusu küçələrdə tanklardan istifadə edərək dinc əhalini qətlə yetirirdi. Bu amansız aktda tibb işçiləri öldürüldü, evlər yandırıldı, əhaliyə işgəncə verildi. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7:00-da respublika radiosu ilə bildirildi. Buna kimi artıq yüzlərlə günahsız insan bu amansız terrorda həlak olmuşdu. Amma Azərbaycan xalqı buna susmadı, ədalətsizliyə “yox” deyərək bu terror haqqında dünyaya məlumat yaydı. Dünya isə bu terrora səssiz qaldı. O terror ki, yüzlərlə ailə gözü yaşlı qalmış, yüzlərlə insan sağlamlığını itirmişdi.
Həmin günlərdə əhaliyə hər şeydən vacib dəqiq informasiya idi, əhaliyə məlumatları çatdırmaq isə asan iş deyildi. Bu yolda ilk addımı ümummilli lider Heydər Əliyev atdı. O, bəyanat verərək bu terrorizmi “milli faciə” adlandırdı. Şəhidlərimizə rəhmət diləyib, Azərbaycan xalqına başsağlığı verdi.
1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış bu amansız terror nəticəsində 131 nəfər həlak oldu, 744 nəfər ağır yaralandı, 841 nəfər azərbaycanlı qanunsuz olaraq həbs edildi. 200 mənzil və yüzlərlə maşın yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində məhv oldu. Həlak olanlar arasında yaşlılar, cavanlar, hətta uşaqlar belə var idi. Bəli, onlar gecə saatlarında xəbərdarlıq etmədən dinc əhaliyə qarşı amansız terror törədəcək qədər qəddar idilər.
Lakin 1990-cı ildə baş verən 20 Yanvar hadisəsinə hüzn, yas kimi yanaşmaq olmaz. Azərbaycan qədim dövlətçilik tarixinə malikdir. Yəni bizim 5 min ildən artıq dövlətçilik tariximiz var. Bu illər ərzində xalqımızın başına yadelli işğalçılar tərəfindən çoxlu soyqırımlar, faciələr gətirilib. Əvvəlki soyqırımlardan, faciələrdən fərqli olaraq, 20 Yanvar qırğınına tam başqa aspektdən yanaşılmalıdır, çünki dünyanın ən böyük imperiyası olan Sovet ittifaqının əsgərlərinin, tanklarının qarşısına insanların əliyalın çıxması bir qəhrəmanlıq salnaməsidir. Yəni biz bu hadisəyə hüznlə, ağlamaqla deyil, mübarizlik göstəricisi kimi yanaşmalıyıq.
”Torpaq-uğrunda ölən varsa Vətəndir!” bu sözlərdə dərin bir məna var. Vətənpərvər ruhda döyüşlərə qatılıb şəhid olan soydaşlarımızın adını yalnız tariximizə yox, elə ürəklərimizə də həkk etmişik.
İllər keçəcək, xalqımız tarixin şərəfli səhifələrini öz qanları, canları hesabına yazan şəhidlərimizi unutmayacaq, daim yad edəcək. Yaddaşlarda yaşayacaq müharibə illəri, müharibə faciələri…
2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi tarixə şərəfli bir səhifə kimi həkk olundu. Bu müharibədə 30 il düşmən tapdağı altında olan tarixi torpağımız Qarabağ Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti, müzəffər ordumuzun və xalqımızın dəmir yumruq altında birləşməsi nəticəsində mənfur düşmən əsarətindən azad olundu.
Ali Baş Komandan İlham Əliyev başda olmaqla yenilməz ordumuz dünya hərb tarixində böyük bir iz qoydu. Bu zaman bütün şəhidlərimizin qisası alındı.
Gözün aydın, bütövlüyün mübarək, Azərbaycan!
Roza SALMANOVA, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin tabeliyində İnzibati-təsərrüfat şöbəsinin baş mütəxəssisi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.