Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

20 Yanvar - çağdaş tariximizdə dönüş nöqtəsi
20.01.2022 20:28
  • A-
  • A
  • A+

20 Yanvar - çağdaş tariximizdə dönüş nöqtəsi

XX əsr Azərbaycan xalqı üçün böyük siyasi-ideoloji ilklər yaşanması - milli dövlət yaranması və qəhrəmanlıq salnamələrinin yazılması ilə bərabər, siyasi  təbəllüatlarla xarakterizə olunan bir dövrdür. Bu dövrdə istər Cənubi, istərsə də Şimali Azərbaycanda baş verən siyasi mübarizə və ideoloji hərəkatlar fonunda Azərbaycan xalqının əsas hədəfi müstəqillik və suverenlik olmuşdur.Türk-müsəlman dünyasında ilk milli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti, Güney Azərbaycanda yaranan "Azadistan dövləti" və 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə yaradılan Cənubi Azərbaycan Milli hökuməti bu hədəflərin məntiqi nəticəsi idi.

Təəssüflər olsun ki, tarixən xalqımızın azadlıq və müstəqillik istəkləri irticaçı və işğalçı qüvvələr tərəfindən aqressiv qarşılanmış, bu təşəbbüslərə qarşı işğalçılıq fəaliyyəti və qeyri-insani davranışlar sərgilənib. Bunun nəticəsi idi ki, XX əsr boyu öz müstəqilliyi, suverenliyi, siyasi və mədəni hüquqları uğrunda mübarizə aparan Azərbaycan xalqı çoxsaylı mərhumiyyətlərə, soyqırımlara, deportasiya hərəkətlərinə məruz qalıb.

Azərbaycan xalqı, XX əsrin əvvəllərində olduğu kimi, ötən yüzilin sonlarında da qəhrəmanlıq, milli oyanış, Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatı kimi addımları ilə tarixin yaddaşına qızıl hərflərlə həkk olunub. Təəssüflər olsun ki, iki yüz ilə yaxın bir dövrdə "xalqlar həbsxanası" funksiyasını məharətlə yerinə yetirən Çar və Sovet imperiyası əsrin sonlarında da öz ənənəvi irticaçı mahiyyətini büruzə verərək Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını beşikdə boğmaq, xalqımızın dövlət yaratma istəklərinin qarşısına "Berlin səddi" çəkmək niyyətini göstərmişdi. Bu dövrdə  imperiyanın çürümüş kökləri üzərində yenidən fidan kimi boy atan Azərbaycanın müstəqilliyə gedən yolu üzərində hərbi-siyasi maneələr yaradan sovet imperiyası mürtəce davranışları ilə öz qanlı mahiyyətini açıq şəkildə göstərməkdə idi. Məhz Sovet imperiyası tərəfindən törədilən 20 Yanvar qətliamı da Azərbaycan xalqının milli-azadlıq məfkurəsinə, dövlətçiliyinin bərpasına qarşı yönəlmiş sui-qəsd, gerçək düşmənçilik aktı idi. Necə ki, bu irticaçı davranışı Azərbaycan xalqı 1918-ci ilin mart  soyqırımlarında da görmüş və faciəvi şəkildə yaşamışdı.Zaman və forma fərqli olsa da məkan və mahiyyət eyni idi. 1918-ci il mart soyqırımını bolşevik qiyafəsi geymiş rus və ermənilər, 1990-cı il 20 Yanvar qətliamını isə sovet qiyafəsi geymiş rus və ermənilər törətmişdi. Hədəf isə ənənəvi olaraq Azərbaycan və Azərbaycan xalqı idi.

Qanlı Yanvar faciəsi zamanı Sovet ordusu tərəfindən Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər qətlə yetirilərək şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçilərinin olması bu qətliamın böyük bir qəddarlıqla törədilməsindən xəbər verirdi.

20 Yanvar qırğını həm də Azərbaycan xalqının 70 illik sovet işğalına qarşı dirəniş göstərən milli azadlıq hərəkatının qəhrəmanlıq zirvəsi idi. Sovet hərb maşını Qanlı yanvar hadisələrində Azərbaycanın vətənpərvər oğul və qızlarını tankların tırtılları altında əzməklə  xalqımızı daha uzun illər imperiya əsarətində yaşamağa məcbur etmək istəsələr də, niyyətləri baş tutmadı və bunun tam əksi baş verdi. Sovet imperiyası bu cinayəti ilə təkcə Azərbaycanın istiqlal şəhidlərini deyil, həmçinin sovet ideologiyasını və "Xalqlar həbsxanası"nın Azərbaycanda çürüməkdə olan təsisatlarını da tanklar altında əzərək məhv etdi.

20 Yanvar Azərbaycanın milli dövlətçiliyinin bərpasına gedən yolda dönüş nöqtəsi idi. Bu nöqtədən etibarən müstəqil dövlətçiliyimizin bərpası istiqamətində konkret şəkildə siyasi və hüquqi addımlar atılmağa başlandı.

Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Sovet Rusiyası özünün ənənəvi işğalçı və irticaçı metodundan istifadə edərək etnik münaqişə amilindən yararlanmaq istədi. Hələ Sovet imperiyası dövründə etnik münaqişə ocağı kimi formalaşdırılan "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə erməni separatizminin hər an münaqişəyə çevrilməsi üçün bütün istiqamətlərdə hərbi-siyasi zəmini hazırlanmışdı. 1985-ci ildə M.S.Qorbaçovun Sovet imperiyasında birinci şəxs elan olunması bu prosesi daha da sürətləndirdi. Bu dövrdə Şəmkirdə yerləşən 366-cı motoatıcı alayın Xankəndinə dislokasiya edilməsi, qısa bir müddətdə müxtəlif bölgələrdə xidmət edən bir çox erməni zabitlərinin bu alaya ezam edilməsi baş verəcək etnik münaqişənin qığılcımları idi. Məhz sonrakı mərhələlərdə bu alayın Azərbaycanın Qarabağ bölgəsinin işğalında oynadığı mürtəce rolu və Xocalı soyqırımında birbaşa iştirakı deyilənlərin təsdiqidir.

20 Yanvar qətliamının əsas səbəbkarlarından biri olan, SSRİ rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olmuş erməni millətçisi Abel Aqanbekyanın 1987-ci ilin sonlarında Parisdə Fransanın "Humanite" (L'Humanit) qəzetinə müsahibəsində "Qarabağın Ermənistana verilməli olduğu fikrini" bəyan etməsi xain düşmənin və havadarlarının Azərbaycan xalqına qarşı açdığı ilk yaylım atəşi idi.

Bölgədə etnik münaqişəni alovlandırmaq və Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda SSRİ Ali Soveti Rəyasət heyətinin 1989-cu il yanvarın 12-də verdiyi fərmanla ermənipərəst A.İ.Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsinin (XİK) təşkil edilməsi, bununla da Azərbaycan SSRİ-nin bütün dövlət və ictimai orqanlarının DQMV-dəki səlahiyyətlərinin dayandırılması Moskva tərəfindən Azərbaycana qarşı həyata keçirilən mürtəce siyasətin tərkib hissəsi idi. Bu irticaçı siyasət nəticəsində 90-cı illərdə ermənilərlə etnik münaqişə zəminində minlərlə azərbaycanlı qətlə yetirildi və torpaqlarımızın bir hissəsi erməni işğalçıları və onların havadarları tərəfindən ələ keçirildi.

Bu dövrdə müstəqilliyi və sərhədləri  təhlük ilə üz-üzə qalan Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlaya bilsə də, erməni mənfurları və onların havadarları ilə 4 illik qeyri-bərabər döyüşdə 25 min nəfərə qədər şəhid verdi. Lakin torpaqlarının bir hissəsini müvəqqəti də olsa itirdi.

Otuz ilə yaxın müstəqillik dönəmində, xüsusilə də 90-cı illərdə hələ kövrək olan müstəqilliyimizə qarşı dəfələrlə qəsdlər edilsə də, xalqımız fədakarlıq göstərərək öz suverenliyini və müstəqilliyini qoruya bildi. Zaman keçdikcə hərbi-siyasi gücümüz və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi 90-cı illərdən yarımçıq qalan işimizi başa çatdırmağa münbit imkan yaratdı.  44 günlük II Qarabağ savaşında müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu erməni işğalçılarına və onların havadarlarına ölümcül zərbə vuraraq torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla da vətən torpaqlarımızı erməni ünsürlərindən azad edərək yarımçıq işimizi tamamladıq, 20 Yanvar qurbanlarımızın, eləcə də bütün şəhidlərimizin qisasını aldıq.

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixi, bu hadisələr zamanı şəhid olanlar Azərbaycanın istiqlal şəhidləri, yaralananlar istiqlal qaziləridir. Bütövlükdə isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsi minilliklər boyu zəngin dövlətçilik tarixinə sahib olan bir xalqın öz müstəqilliyi uğrunda apardığı qəhrəmanlıqla dolu bir mübarizə məqamıdır. Bu qəhrəmanlıq məqamı yüzillər boyu ehtiramla anılacaq.

Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

“525-ci qəzet”

  • Paylaş: