İnsan özü özünü yaradır, özü özünü yaradan tək obyekt insandır. İnsandan başqa hər obyektdə bağlılıq prosesi yaranmadan əvvəl gəlir. Əvvəl var olub, sonra özünü mövcud edən yalnız insandır. Məsələn, masa, bir masa düşüncəsinə görə var edilir. Nəyə yarayacağı, necə olacağı əvvəldən düşünülərək edilir, masanın özü var olmasından əvvəldir. Tək insandır ki, əvvəl var olar, sonra özünü yaradar; necə olacağını, nəyə yarayacağını özü əməlləriylə göstərir. İnsan mövcudluqdan əvvəl təyin oluna bilməz, çünki mövcudluqdan əvvəl bir şey deyil. Ancaq var olduqdan sonra bir şey olacaq, həm də özünü necə etsə, elə olacaq.
Dünyada ənənəvi xeyir və şər, yaxşı və pis mübarizəsi gedir. İnsan bunlardan birini seçməlidir. Özü-özünü var edənlər yaxşını seçənlərdir. Pisi seçənlərdən az olsalar da onlar vardırlar, mövcuddurlar.
Platona görə insanlarda üç yaşam tərzi vardır: Həzz (bitkisəl) yaşamı, şərəf, şöhrət (toplumsal) yaşamı, hikmət (teoretik) yaşamı. Aristotel müəlliminin fikirlərini davam etdirərək Yunanıstanda keçirilən olimpiadalara gələn insanları üç qismə ayırır: həzz üçün gələnlər, yarar, mənfəət üçün gələnlər və sadəcə olanları dəyərləndirmək, nəzər yetirmək, tamaşa etmək üçün gələnlər. Sonuncular bioteorikos – nəzəriyyəçilər, hikməti sevənlər idilər.
Dünya yaşamını mənalı edən də belə insanlardır. Onlar sıralarımızda davranışlarıyla çoxlarına nümunə ola biləcək aydınlardır. Bu gün xeyir əmələ, doğru sözə həmişəkindən daha çox ehtiyacımız var. Həyatımızı mənalı edən, çoxsaylı ağrı-acıları yüngülləşdirən, yaşam labirintlərinin çözümünü asanlaşdıran hikmət sahiblərini tanımalı, tanıtmalı və yaşatmalıyıq. Ən azı cəmiyyəti sağlamlaşdırmaq, yaşam həvəsini artırmaq üçün bunu etməliyik. Əslində, onların buna ehtiyacı yoxdur. Toplumun və onu təşkil edən fərdlərin buna ehtiyacı var.
Bu ehtiyacdan irəli gələrək AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun professoru Rəna Abdullayevanı xatırlamamaq mümkün deyil. Rəna xanım bu elm ocağında insanlıq aləminə işıq saçan bir çox alim, həm də ariflərdən biridir. Yunus Əmrə deyirdi: “Elm elmi bilməkdir, elm özünü bilməkdir. Sən özünü bilməzsən, bu necə bir bilməkdir?” Nəsnələrin insan zehnindəki təsvirinə elm deyilir. Alimlik zaman və məkana bağlıdır. Detalların (duyğusal) təsbiti və təkrarı adamı alim edər. Özünü bilmək irfandır. İrfan görgüyə əsaslanır və arif adlandırılır.
Rəna xanım alim olmaqla yanaşı, həm də arifdir. Yüksək elmi nailiyyətləri ilə bərabər, insani keyfiyyətləri onu hər zaman arzuedilən edir. Xüsusilə, kollektivdə anlaşılmazlıq olanda ilk yada düşən Rəna xanım olur. Bir yerdə oxumuşdum. İnsanlar çətinə düşəndə iki yerə - Allaha və hikmət sahiblərinə, müdriklərə müraciət edirlər. Belə müdriklərin sıralarımızda olması çox yaxşı haldır. Bəzən bunun fərqində olmasaq belə, mədəni insanların olduğu mühitdə pozitiv düşüncələr, həyat eşqi xırda çatışmazlıqları görünməz edir.
Professor Rəna Abdullayeva Memarlıq və İncəsənət İnstitutunun Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinə rəhbərlik edir. Onun rəhbərlik etdiyi şöbə bütün sahələr üzrə nümunəvi sayıla bilər. Burada çalışan əməkdaşlar fəaliyyətlərini inzibati amirlik üzərində deyil, sevgi, qayğı, səmimiyyət üzərində qurmuşlar. Burada insanlar vəzifələrindən çox insanlıqlarına görə tanınırlar. Hər kəs öz işini sevərəkdən icra edir. Çöhrələrdə nur, işıq, ürəklərdə fərəh, gümrahlıq görəndə istər-istəməz həyat eşqi, yaşamaq həvəsi oyadır hər kəsdə. Əslində, bu gün bizə ən çox lazım olan da budur. Azərbaycan hər ötən gün çiçəklənməkdədir. Xüsusilə, işğalda olan torpaqlarımızın azad edilməsi hər birimizə əlavə ruh verir. Şöbənin fəaliyyəti müvafiq elmi istiqamətlə yanaşı, həm də əldə edilmiş uğurun davamlılığını təmin edən töhfələr verməkdir. 44 günlük Vətən müharibəsindən sonra qısa müddətdə şöbə əməkdaşları - dosent N.Abbasovun “Qarabağın qara bağı” və L.Əliyevanın “Qarabağ münaqişəsi: Azərbaycanın milli mədəni irsi” adlı monoqrafiyaları, eləcə də çoxsaylı elmi məqalələr vətəndaş borcunun şərəfli ifadəsi idi. Əlbəttə, belə müsbət nəticələrdə bütövlükdə institut rəhbərliyinin də payı var. Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin kollektivdə yaratdığı elmi-yaradıcı mühit təkcə bir şöbənin deyil, digər şöbələrin də fəaliyyətində uğurlu nəticələrə gətirib çıxarmışdır.
Sənətşünaslıq doktoru, professor Rəna Abdullayevanın ad günü yaxınlaşmaqdadır. Belə aydınların varlığı sağlam cəmiyyətin, işgüzar kollektivin, mehriban ailənin mövcudluğunu ifadə edir. İnsanların həyatına sevinc, əzm, mübarizlik və yaradıcılıq enerjisi qatır. Rəna xanımın sadəcə görünüşü, aristokratik jestləri, mədəni davranışları ətrafındakılara düzgün seçim, xoş əhval-ruhiyyə bəxş etməyə kifayət edir.
Ona görə də Rəna xanıma institutun kollektivi adından cansağlığı arzulayırıq. Hər zaman sağlam, gümrah və aramızda olmasını arzu edirik. Ölkəmizin, elm məbədi sayılan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun davamlı inkişafını zənginləşdirən, elmi və şəxsi davranışlarıyla yetişməkdə olan kadrların düzgün istiqamətləndirilməsindəki töhfələri bu arzunun səmimiliyinin real ifadəsidir. Onun haqqında layiq olduğu xoş sözləri işlətmək hər birimizin borcudur. Ancaq çox təəssüf ki, qəlbimizin dərinliyində çağlayan hiss və həyəcan dolu fikirləri ifadə etməyə sözün gücü çatmır. Biz onu hər zaman sevirik və arzulayırıq. Rəna xanım, çox yaşayın!!!
Namiq ABBASOV, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş meneceri, kulturologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.