Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şəhadətdən keçən 29 yaş
28.01.2022 15:15
  • A-
  • A
  • A+

Şəhadətdən keçən 29 yaş

29 yanvar 2022-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun 29 yaşı tamam olur. Doğulduğu tarixin və adın insan taleyinə təsiri haqqında müdrik el ağsaqqallarından çox kəlamlar rəvayət olunur. 2 rəqəmi müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır, ayırmır, əksinə insanlar arasında vəhdət yaradır. 9 rəqəmi isə mütləqiyyəti, əzmi, mövqeyi, bir çox inanclarda ölüb yenidən doğuluşu simvolizə edir. Eynilə Vətən oğlu Şahin də dağlar qədər əzəmətli və möhkəm iradəsi, şəhadəti ilə ölümsüzlüyü əbədiləşdirdi. Bu yerdə türk xalqlarının ulu əcdadı Dədə Qorqudun tarixin dərin qatlarından süzülüb gələn bir kəlamı yadıma düşdü: “Adını mən verdim, yaşını Allah versin”. Adında Vətənin əzəmətini, onun qürurunu, başı buludlara dəyən Şah dağının heybətini, saf havasını, şəfalı suyunu – bir sözlə, adında Azərbaycan boyda bir məmləkəti yaşadan Şahinin şəhadət yolundan bəhs edərkən, adını Nərgiz anadan mənəvi miras almış el oğlunun qısa, lakin mənalı ömür və döyüş yolu bir anlıq gözlərimizin önündə canlanır. Şahin olub Vətənin əsrarəngiz səmalarında süzən şəhidin son döyüş və şəhadət ocağı çoxəsrlik Azərbaycan tarixinin, mədəniyyətinin bir parçası kimi dünyada şöhrət qazanmış Şuşa-Xocavənd-Hadrut və onun uğrunda aparılan qanlı, həm də şanlı mübarizə oldu.

Həyatda təsadüf olmur, mübarək şəhadət yolu Şahinin alnına yazılmış şəhidlik məqamı idi, həm də Şuşadan keçən şərəf və qürur yolu. Şahinin adı, ali məqamı və bu məqama ucaldığı məkan – Şahin, Şuşa, şəhadət, şəhidlik zirvəsi el oğlunu tərənnüm edən ən güclü və təsirli adlar olub başlanğıcını məhz Azərbaycan əlifbasının “Ş” hərfi ilə başlayır, insanı düşündürür, hüzünləndirir və ilahi qanunun bu qədər mükəmməl olduğu təfəkkür edən hər kəsə açılır. Şəhidlik zirvəsinə yüksələn Şahinin Qubanın mərkəzi küçələrindən birinə, yaxud idman-şahmat məktəbinə adının verilməsi, xatirəsinin əbədiləşdirilməsi məqsədilə böyüyüb boya-başa çatdığı Qubanın Zizik kəndində adına salınan park, tikilən bulaq, dövlət başçısının sərəncamları ilə layiq görüldüyü yüksək təltiflər, döyüş yoldaşlarının və komandirlərinin Vətən oğlu haqqında, onun şücaəti, yüksək hərbi nizam-intizamı ilə bağlı verdikləri müsahibələr, müəllimlərinin, sinif yoldaşlarının onun çalışqan və vətənpərvər ruhda aldığı tərbiyəsi, valideynlərinin, həyat yoldaşının və qohumlarının qəhrəman haqqında söylədikləri dəyərli fikirlər şəhadətdən əbədiyyətə bir Şahin baxışı olub hər bir azərbaycanlı gənci qürurlandıracaq həyat hekayəsi, həyat salnaməsidir.     

“O, anandan qabaqdır, o, atandan irəli” söyləyən xalq şairi Cabir Novruzun qələmindən süzülən bu misra Şahin və döyüş yoldaşlarının Vətənə olan məhəbbətini tərənnüm edir. Anadan qabaqda və atadan irəlidə duran, doğulub boya-başa çatdığımız torpaq sadəcə üzərində gəzdiyimiz yer deyil, o, həm də bizim and yerimiz, xalqımızın neçə əsrlərdir uğrunda canından keçərək bu günlərə gətirdikləri ana torpaqdır. Şahin Allahyarov Azərbaycan boyda ana torpağın Şamaxı şəhərinin Paşalar kəndində (29.01.1993) dünyaya göz açmış, Qubanın Zizik kəndində şərəfli ömür sürmüş, uşaqlıq, məktəb illərini bu səfalı kənddə yaşamış, həyatına davam etmiş, idmanda və hərbi təhsil illərində fərqlənərək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri kimi səngərlərdə qəhrəmanlıq dastanı yazmışdır. Şahinin təhsil aldığı Zizik kənd tam orta məktəbi təsadüfi deyil ki, I Qarabağ müharibəsində Kəlbəcər uğrunda aparılmış döyüşlərdə şəhid olmuş Əliheydər Rüstəmovun (1973-1993) adını daşıyır. Şahin uşaqlıqdan Qarabağ uğrunda qəhrəmancasına vuruşaraq şəhid olmuş həmkəndlisinin şücaətlərlə zəngin cəbhə həyatından mənəvi təsir alaraq, məktəbin qarşısında qoyulmuş büstünü bir zamanlar həzin baxışlarla, Şahin baxışı ilə süzərdi. Əliheydərin vətənpərvər ruhunu Şahin hələ məktəbli yaşındaykən yaşamağa çalışardı. Valideynlərinin, onu sevənlərin söylədiklərinə görə adı kimi xarakteri, duruşu, davranışı, fədakarlığı, vətənpərvərliyi, ailəyə və qohumlarına qarşı həssas münasibəti cüt qanadlı Şahindən fərqlənməyən qəhrəmanın iki əli və iki ayaqları ilə qazandığı şəhadət dərəcəsi, şəhidlik zirvəsi indi onun şöhrətini Azərbaycanın hər tərəfinə yaymışdır. Şahinin Vətən torpaqlarının azad olunması uğrunda içdiyi şəhadət şərbəti, onun nümunəvi hərbi xidməti və dillərə dastan qəhrəmanlıq yolu ölkə hüdudlarını aşaraq igid Azərbaycan oğlu haqqında yeni yazıların, məqalələrin, memuar, povest və romanların ərsəyə gəlməsinə əsas yaratmış, xatirəsinin dünya durduqca yaşayacağına bizləri inandırmaqda və qürurlandırmaqdadır.

Ölümün gözünə dik baxan, cəsur Şahinin anası Nərgiz xanım oğlu haqqında danışarkən “O, müharibəni təlim kimi görürdü” söyləməsi bir daha onu göstərir ki, igid Azərbaycan oğluna ölüm hissi yad idi. Şahin yalnız bir məqsədə istiqamət alaraq, bir hədəfə doğru irəliləyir və bunun üçün tələsir, tezliklə müharibəyə son qoyulacağına diqqət çəkirdi. Atası Hüseynbalanın sonuncu zənginə cavab verən Şahin demişdir: “Ay ata biz müharibədə deyilik ki, qorxma, narahat olma, biz qovuruq onlar qaçır...” deyərək ailəsinə təsəlli vermiş, ən ağır vəziyyətdə belə yaxınlarını, əzizlərini narahat etmək istəməmişdir. Şuşa yaxınlığında keçən son şəhadət yolu Vətən oğlu Şahinin əbədiyyətə qovuşduğu zəfər yolu kimi onun və əzizlərinin həyatında silinməz izlər buraxdı. Ağrısıyla, acısıyla, ən əsası Vətən yolunda aparılan böyük mücadilənin sonunda qürur duyacağımız və yaddaşlara həkk olunacaq izlərə dönüşdü o tarixi anlar.

2011-2012-ci illərdə müddətli həqiq hərbi xidməti layiqincə başa vuran Şahin bir müddət özəl mühafizə xidmətində çalışmışdır. Onun Vətənə bağlılığı, hərbiyə yüksək marağı zabit hazırlığı kurslarından keçmişdir. Anası Nərgiz xanıma “anacan mənim üçün dua et imtahanlarda müvəffəqiyyət qazanım” deyərdi. Gün gəlir Nərgiz ananın duaları qəbul olur və Şahin 2016-cı ildən Dövlət Sərhəd Xidmətində peşəkar hərbçi kimi fəaliyyətə başlayır. İstər hərbi xidməti, istərsə də müharibə dövründə, Şahin xüsusi fiziki və psixoloji hazırlığı ilə döyüş yoldaşlarından xeyli fərqlənmişdir. Vətəni sevmək azdır deyib, onu qorumaq, onun olmaq gərək söyləmişdir. Zaqatala, Balakən sərhəd zastavasında təmsil olunduğu dövrlərdə isə şəxsi nizam-intizamı və yüksək hərbi göstəriciləri ilə yuxarı komandanlığın diqqətini çəkmiş, 2019-cu ildən Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında xüsusi təyinatlı sərhəd kəşfiyyatçısı kimi özünü doğrultmuşdu.

Vətənin ağır günündə, özünündə xatirələrində qeyd etdiyi kimi, arxada xidmət edə biləcəyinin mümkün olduğunu bildiyi halda bunu etməmiş, düşmənlə şəxsən üz-üzə döyüşməyi bütün dəyərlərdən üstün tutmuş və işğala son qoymağın vaxtıdır deyib irəli atılmışdır. Şahin əsasən Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa istiqamətində vuruşmuş, 2020-ci ilin 20 oktyabrından düşmənin bir addımlığında duraraq, Xocavənd rayonunun Azıx, Ağdam, Böyük Tağlar, Düdükcü, Tuğ, Zoğalbulaq kəndlərində ermənilərlə açıq döyüşə girərək xeyli ərazinin düşməndən azad olunmasında yaxından iştirak etmişdir. Xocavənd rayonunun Çanaxçı kəndinin alınmasında birbaşa iştirak edən tağımın tərkibində vuruşan Şahinin qəhrəmanlığı bununla bitmir. O, Çanaxçıya paralel kənddəki yüksəkliyin əldə olunmasında xüsusi döyüş rəşadəti göstərərək düşmənə göz dağı vermişdir. Zirvənin alınmasının relyef baxımından mürəkkəb olduğunu qeyd edən ekspertlər, burada xüsusi hərbi qrupun iştirakı olmadan müvəffəqiyyət qazanmağın qeyri mümkün olduğunu vurğulayaraq Şahinin bu missiyanı layiqincə yerinə yetirdiyini şərh etmişlər. Şahin məhz həmin zirvənin işğaldan azad edilməsi uğrunda ağır yaralanır və şəhadət mərtəbəsinə yüksəlir. Eləcə də 7 km məsafəni heç bir texnikadan istifadə etmədən, 18 dəqiqəyə çətin şəraitdə qət edən Şahinin cəsur addımını analiz edən qrup komandirləri bunun yüksək fiziki hazırlığı olan xüsusi təyinatlı üçün böyük göstərici olduğunu da xüsusilə qeyd etmişlər.

Hadrut uğrunda gedən döyüşlərdə Elvin Səfərovun dəstəsində döyüşən Şahin haqqında dəstə komandirinin xatirələri Vətən Müharibəsi Qəhrəmanı haqqında dolğun fikir yaradan vacib məqamlardır: “...O zaman özünü itirmədi düşmənə doğru aktiv atəş apardı. Bizdə bundan istifadə edərək yaralılarımızı təhlükəsiz istiqamətə daşımağı bacardıq. Allahyarov Şahinin orada qorxmazlığının mən şahidi oldum, çevikliyinin, cəsurluğunun, qəhrəmanlığının sözün əsl mənasında şahidi oldum”. Digər qrup komandiri, Şahinin xüsusi təyinatlı qüvvələrə cəlb olunmasında yaxından iştirak etmiş Şahin Hüseynquliyev adaşının döyüş qabiliyyətini belə xarakterizə edir: “Atışlar zamanı yüksək nailiyyətlər göstərirdi. Kalaşnikov pulemyotundan yüksək dəqiqliklə, sərrast atəş açırdı, bütün hədəfləri məhv edirdi, ...qrup komandirləri içərisində hərkəs onu öz qrupuna daxil etmək istəyirdi, ...igidliyi, cəsurluğu, sərbəst atış qabiliyyəti, yüksək manevrliyi və çevikliyi ilə seçilirdi digərlərindən”. Həmçinin digər döyüş yoldaşı Vüsal Həsənov Şahinin son dərəcə çevik, sərbəst hərəkət edərək yaralı və çoxlu qan itirmiş döyüş yoldaşlarını atəş zonasından necə çıxardığını belə dilə gətirir: “İki hərbi qulluqçunu, biri əlindən, digəri çiynindən yaralanmışdı, əlindən yara alan gözündən də yara almışdı, yəni qanlar içərisində idi. Allahyarov Şahin həmin iki hərbi qulluqçunu öz çiyinlərində 8 km qət edərək gətirib məlumat verdi ki, belə bir hadisə baş verib”. Əsgər yoldaşı Orxan Almazov Şahini kövrək xatirələrlə anaraq onun yoxluğu ilə barışmağın çətin olduğunu və şəhadət mərtəbəsinə yüksəldiyini belə şərh etmişdir: “Tapşırığa gedəndə bizə deyirdi ki, ya gedəcəyik sağ qayıdacağıq, bir müddət sonra öləcəyik, ya da ki, şəhid olacaq, ömür boyu yaşayacağıq. Şahində şəhid oldu, ömür boyu yaşamağı seçdi, bu da hər kəsə qismət olan bir şey deyil, Şahinə qismət oldu”.  

Ən böyük arzusu Şuşanın azad olunmasını görmək olan qəhrəman kəşfiyyatçı Şahin Allahyarov strateji ərazinin düşmən tapdağından azad olunmasında xüsusi rəşadət göstərərək şəhadətdən əbədiyyətə köç etmiş və Şuşanın azad olunmasını, 8 noyabr tarixini cənnətdən baxaraq seyr etmək kimi yüksək ilahi şərəfə nail olmuşdur. Qəhrəman Azərbaycan oğlu səhər tezdən, 23 oktyabr 2020-ci ildə anası ilə sonuncu dəfə telefonla danışır və deyir: “Anam haqqını halal elə”, anası: “...halal olsun oğlum o nə sözdür elə, ...ana necə evdən gəlmişəm məni elə təsəvvür edin. Sonuncu danışığım Şahinimlə o zaman oldu...” 30 oktyabr tarixində isə Şahin şəhadət mərtəbəsinə yüksəlmiş, 3 noyabr tarixində qoynunda böyüyüb boya-başa çatdığı Qubanın Zizik kəndində əzizlərinin uyuduğu qəbristanlıqda dəfn edilmişdir. İndi Şahinin qəbrini böyükdən kiçiyə hər kəs, ayaq saxlayaraq ziyarət edir, ruhuna dualar oxuyur, igid qardaşını yad edirlər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, şərəfli şəhadətindən sonra Allahyarov Şahin “Vətən uğrunda” (15.12.2020), “Şuşanın azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif olunub. Vətənin ərazi bütövlüyü, müstəqilliyi uğrunda xüsusi igidlik göstərmiş, döyüşdə seçilmiş hərbi qulluqçulara həyatda ikən və şəhid olduqdan sonra verilən ali statusa “Vətən Müharibəsi Qəhrəmanı” (09.12.2020) adına layiq görülmüşdür. Ömrünün şəhadət mərtəbəsinə yüksəldiyi 27-ci baharında, 28 dekabr 2020-ci ildə Şahinin adını bir ömür boyu qürurla daşıyacaq oğlu dünyaya gəlmişdir. Həmçinin böyük övladı Oksana atası ilə fəxr edəcək, şəhid qızı kimi Şahinin adını yaşadacaq və gələcək nəsillərə ötürəcək. 44 günlük Vətən müharibəsində doğulduğu torpağa canından can verən, lakin pay verməyən Allahyarov Şahin Hüseynbala oğlu və silahdaşlarının şəhadətindən ötən zaman bir daha onu göstərdi ki, şəhidlər ölmür, vətən isə bölünmür!

Aqil ƏHMƏDOV, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: