Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.02.2022 14:29
  • A-
  • A
  • A+

Gənc alim məktəblilər üçün eksperimental arxeoloji dərs keçib

Gənc alim məktəblilər üçün eksperimental arxeoloji dərs keçib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin əməkdaşı Əjdər Babazadə tərəfindən tələbə və şagirdlər üçün keçirilən praktiki arxeoloji dərslər və seminarlar davam edir. Eksperimental arxeoloji dərslərin budəfəki iştirakçıları Sumqayıt Dünya məktəbinin şagirdləri olub.

Prehistorik (tarixə qədərki) dövrlərin yontma daş alət texno-tipologiyası üzərində eksperimental arxeoloji metodlarla araşdırmalar aparan Əjdər Babazadə Paleolit, Epi-Paleolit, Mezolit və Neolit dövrlərinin alət çantasında yer alan yontma daş alətlərin texnologiyasını, təkamül keçmiş tipoloji modelləri eksperimental olaraq hazırlanmış nümunələr əsasında təqdim edib. Praktik dərs iki hissədən təşkil olunub.

Birinci hissədə nəzəri qeydlər təqdim edilib. Prehistorik arxeoloji araşdırmalarla əldə edilən bilgilər əsasında dövrün paleocoğrafiyası - ekologiyası haqqında da məlumat verilib. Bundan başqa, yerləşdiyimiz coğrafiyanın ilk hominin Paleolit məskənləri və yerləşmə səbəbləri, eyni zamanda homininlərin ilk miqrasiyaları və insan təkamülünə gələn yolda teoriya və hipotezlər üzərində fərqli elmi paradiqmaları haqqında da ümumi məlumat verilib. Yontma daş alətlər, homininlərin həyatda qalmasında tək və ən güclü silah olaraq 3 milyon ərzində homo sapiens və əcdadları üçün digər mühüm roluna da toxunulub. Bu hissədə daş alətlərin, sadəcə qida qaynaqları əldə etmək üçün bir alət və ya ov etmək üçün bir silah olaraq görülməməsi adına “alət+əmək=beyinin inkişafı” konteksində dəyərləndirilməsinin vacib olduğu vurğulanıb. Daş alət ixtirası, istehsalı və inkişafı insan təkamülündə mühüm rol oynayan fəaliyyətlərdən biri kimi, onun sosial-mədəni həyatda dəyişikliyin başlıca amil olması ilə bağlı bəzi hepotezlər də şagirdlərlə bölüşülüb.

İkinci hissədə isə daş alətlərin hazırlanma texnologiyası praktiki olaraq göstərilib. Şagirdlər əvvəlcə istifadə olunan çay daşı (Azərbaycanın müxtəlif çay və dərə yataqlarından toplanmış), çaxmaqdaşı (chert, flint), bazalt, obsidian kimi xammal daşları ilə tanış olublar.

Daha sonra şagirdlər qəlpə, nükleus, paralel qəlpələmə, uzun kəsicilər və 2 sm-dən kiçik olan alət texnologiyaları ilə hazırlanan Aşel, Musteye, Neolit və s. mədəniyyətlərinə aid tipoloji nümunələrlə tanış olub və onların hazırlanmasına da cəhd ediblər. Şagirdlər fəal iştirak edərək insan və əcdadlarının 3 milyon il içindəki daş alət hazırlanma texnikasını öyrənməklə yanaşı, buynuz (maral və ceyran), dəri, sümük və ağacdan prehistorik dövrlərin alətlərini hazırlayıblar. Onlar ovçuluq sənətinin tarixi keçmişinə, işlənmə qaydalarına praktik olaraq sahibləniblər. Şagirdlər seminar zamanı praktik olaraq hazırlanmış daş alətlərin rəsmlərini çəkərək, kəsici daş alətlərin morfoloji xüsusiyyətlərini də öyrəniblər.

Beləliklə, şagirdlər həm teorik, həm də praktik olaraq qədim Daş dövrü əcdadlarımızı, arxeoloji metod və epistimologiyasını bir daha kəşf etmiş olublar. Bu eksperimental arxeoloji dərslərin əsas məqsədlərindən biri ölkəmizin universitet və məktəblərində müasir arxeoloji metodlarla tədrisin tətbiqinə nail olmaqla arxeologiya elminə maraq yaratmaq və bu sahəyə gələcək olacaq gəncləri praktik yolla düzgün istiqamətləndirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: