Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı kitab işıq üzü görüb
11.02.2022 14:38
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı kitab işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirovun “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı əsəri çapdan çıxıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundova və “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramovdur.

Sözügedən vəsait Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının 6.1.4.-cü və 6.3.9.-cu bəndlərinə uyğun olaraq, milli transliterasiya standartlarının və onların əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərinin, o cümlədən ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması məsələlərinin icrası istiqamətində Dilçilik İnstitutunda 2019-2020-ci illər ərzində aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq ərsəyə gəlib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dilçilik İnstitutunun “Azərbaycan coğrafi adlarının ingilis və rus dillərinə transliterasiyası” adlı birgə layihəsinin ilk mərhələsi əsasında gerçəkləşdirilib.

Kitabda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi, Azərbaycan Respublikasının bütün şəhər və rayonları üzrə ümumilikdə 4592 şəhər, rayon, qəsəbə, kənd ərazi vahidinin adı təsdiq olunmuş “Qaydalar” əsasında ingilis əlifbasına transliterasiya edilib.

Monoqrafiya ölkə daxilində, eləcə də beynəlxalq istifadə üçün nəzərdə tutulan siyasi-iqtisadi, rəsmi-işgüzar sənədlərdə, dövlətlərarası yazışmalarda və diplomatik fəaliyyətdə, kartoqrafik və digər nəşrlərdə Azərbaycan Respublikasının ərazi vahidlərinin adlarının müasir Azərbaycan dilinin orfoqrafik normalarına uyğun yazılış formasının ingilis dilinə transliterasiyasında davam etməkdə olan müxtəlif variantlılığı aradan qaldırmaqla bu prosesin unifikasiya edilməsində mühüm rol oynayacaq.

Kitab dilçilər, tərcüməçilər, tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: