Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dillər Universitetinin (ADU) “Kitabxanaçılıq” və “Filologiya” ixtisasları üzrə təhsil alan bir qrup tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) istehsalat təcrübəsinə başlayıblar.
Hər iki universitetin tələbələri ayrı-ayrı qrup şəklində 3 aylıq təcrübə müddətində kitabxananın komplektləşdirmə, kataloqlaşdırma, biblioqrafiya və s. şöbələrinin iş fəaliyyətini öyrənəcək, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair biliklərini artıracaqlar. Təcrübə proqramı çərçivəsində tələbələr, həmçinin beynəlxalq kitabxanalarla olan əməkdaşlıq, kitab mübadiləsi, seminarların təşkil edilməsi və digər iş fəaliyyəti haqqında ətraflı şəkildə məlumat alacaqlar.
Qeyd edək ki, təcrübənin ilk günü MEK-in baş direktoru, professor Məmməd Əliyev tələbələrlə görüşərək, rəhbərlik etdiyi kitabxanada həmin universitətlərdən çox sayda məzunun çalışdığını bildirib, ixtisaslı tələbələrlə bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib, onlara təcrübə müddətində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.