Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Nadir Məmmədli: Azərbaycan dilinin terminoloji bazası müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməlidir
31.07.2026 18:54
  • A-
  • A
  • A+

Professor Nadir Məmmədli: Azərbaycan dilinin terminoloji bazası müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməlidir

Azərbaycan dilinin terminoloji bazasının zənginləşdirilməsi, elmi üslubun inkişaf etdirilməsi və müasir çağırışlara uyğun şəkildə qorunması dil siyasətinin mühüm istiqamətlərindən biridir. Qloballaşma və sürətli elmi-texnoloji inkişaf şəraitində yeni anlayışların ifadəsi üçün müasir terminlərin yaradılması, alınma sözlərin dilin fonetik, qrammatik və üslubi normalarına uyğunlaşdırılması, eləcə də milli dil imkanlarından səmərəli istifadə edilməsi Azərbaycan dilinin inkişafının əsas amilləri hesab olunur. Bu proses həm elmi kommunikasiya imkanlarını genişləndirir, həm də dilin milli xüsusiyyətlərinin qorunmasına xidmət edir.

Bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Mərkəzi Elmi Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə keçirilən “Əlifbadan Zəfərə: ana dili irsimiz” adlı tədbirdə deyib.

Professor qeyd edib ki, qloballaşma və sürətli elmi-texnoloji inkişaf şəraitində Azərbaycan dilinin zənginliyinin qorunması, söz ehtiyatının daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yeni terminlərin yaradılması, alınma sözlərin dil normalarına uyğun şəkildə tənzimlənməsi və Azərbaycan dilinin daxili imkanlarından səmərəli istifadə olunması bu sahədə prioritet məsələlərdəndir. O, terminoloji bazanın müasir dövrün tələblərinə uyğun şəkildə davamlı yenilənməsinin, eləcə də yeni anlayışlara düzgün və uğurlu Azərbaycan dili qarşılıqlarının müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dilçilik İnstitutunun direktoru çıxışında Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlətimizin başçısı Azərbaycan dilinə nəzarətsiz şəkildə daxil olan yad sözlərin gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini xüsusi vurğulayıb. Bu baxımdan, dilin saflığının qorunması, terminoloji və söz bazasının mütəmadi yenilənməsi, yeni anlayışların düzgün qarşılıqlarının müəyyənləşdirilməsi və söz seçiminə həssas yanaşılması Azərbaycan dilinin inkişafı istiqamətində mühüm vəzifələrdən biri kimi qiymətləndirilib.

Nadir Məmmədli çıxışı zamanı dövlət dilimizin terminoloji bazasının zənginləşdirilməsi və elmi üslubun inkişafının müasir dilçiliyin prioritetlərindən olduğunu bildirib. O qeyd edib ki, latın qrafikasına keçid Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirib, ana dilinin elmi potensialının artırılması və yeni terminlərin dilimizin qaydalarına uyğunlaşdırılması isə davamlı şəkildə həyata keçirilməlidir. Professor yersiz əcnəbi sözlərin istifadəsinin qarşısının elmi əsaslarla alınmasının və vahid terminoloji standartların tətbiqinin vacibliyini vurğulayaraq, gənc tədqiqatçıların bu sahəyə cəlb edilməsinin terminoloji bazanın inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Professor vurğulayıb ki, AMEA Dilçilik İnstitutu bu sahədə elmi dəstək göstərir və ilk dəfə olaraq süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafik bazasının yaradılmasına başlanılıb. O, həmçinin gənc tədqiqatçıların terminologiya sahəsinə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda professor Nadir Məmmədli bildirib ki, dövlətin dil siyasətinə elmi dəstək göstərmək və Azərbaycan dilinin saflığını qorumaq AMEA Nəsimi adına Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, bu sahədə ardıcıl işlər həyata keçirilir və ilk dəfə olaraq İnstitutda süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafik bazasının yaradılmasına başlanılıb.

AzərTac

  • Paylaş: