Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.07.2026 17:20
  • A-
  • A
  • A+

“Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilib

“Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evində AMEA alimlərinin “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı ədəbi-bədii tədbiri keçirilib.

AMEA, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AYB, Akademiyanın Azad Həmkarlar İttifaqının və AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Səməd Vurğunun 120 illiyinə həsr edilib.

Əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ədəbi-bədii tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev çıxış edərək Xalq şairi Səməd Vurğunun Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olduğunu vurğulayıb, şairin zəngin yaradıcılığının vətənpərvərlik ruhunun aşılanmasında və ədəbi fikrin inkişafında müstəsna rol oynadığını bildirib. Sədr müavini qeyd edib ki, akademik Səməd Vurğunun irsi bu gün də öz aktuallığını qoruyur və yeni nəsillər üçün mühüm mənəvi məktəb rolunu oynayır.

Musa Mirzəyev Azərbaycanda elm, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğının təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mədəni irsin qorunması, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Sədr müavini Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq yubiley tədbirlərinin respublika və beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunduğu deyib. Bildirib ki, AYB-nin Səməd Vurğun adına Yaradıcılıq Evi də müasir infrastrukturu ilə alimlərin, yazıçıların və yaradıcı ziyalıların görüşləri, elmi-mədəni tədbirləri və yaradıcılıq mühitinin inkişafı üçün əlverişli şərait yaradır. Əlavə edib ki, mərkəzin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idarəçiliyinə verilməsi dövlətin AHİK-ə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Çıxışının sonunda Musa Mirzəyev alim və ziyalılara elmi və yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayıb, Xalq şairi Səməd Vurğunun zəngin irsinin gələcək nəsillər üçün də milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideyalarının təbliğində mühüm rol oynamaqda davam edəcəyinə əminliyini ifadə edib.

Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış rəqəmsal məlumat bazasının təqdimatı keçirilib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Səməd Vurğunun yaradıcılığında və fəaliyyətində sosial mədəni həyat” mövzusunda çıxış edərək bildirib ki, Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həm də humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün də aktuallığını qoruyub saxlayır.

AYB sədri vurğulayıb ki, Səməd Vurğun qüdrətli şair olmaqla yanaşı, həm də akademik kimi Azərbaycan elminin və ədəbi fikrinin inkişafına mühüm töhfələr verib, ölkənin ictimai-mədəni həyatında fəal iştirak edən ziyalılardan olub.

Xalq yazıçısı Anar ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Səməd Vurğun adına Yaradıcılıq Evinin əsaslı şəkildə yenidən qurulmasını dövlətin milli-mədəni irsə, görkəmli şəxsiyyətlərin xatirəsinə və yaradıcı insanlara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Sonda o, bu kimi tədbirlərin keçirilməsinin Səməd Vurğunun zəngin irsinin daha dərindən öyrənilməsi və milli-mədəni yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Elm və ədəbiyyat: Xalq şairi və akademiklik missiyası” mövzusunda məruzə ilə çıxış edərək Səməd Vurğunu XX əsrin və ümumən Azərbaycan ədəbiyyatının ən qüdrətli söz ustalarından biri kimi səciyyələndirib. Qeyd edib ki, Səməd Vurğun mürəkkəb ictimai-siyasi və ideoloji şəraitdə yaşayıb-yaratsa da, zamanın təsirlərindən uca duran, milli və bəşəri dəyərləri əks etdirən əsərləri sayəsində əbədiyyət qazanmış böyük sənətkardır.

AMEA prezidenti Səməd Vurğunun yaradıcılığının Azərbaycan poeziyasının, dramaturgiyasının və ədəbi fikrinin inkişafında mühüm mərhələni təşkil etdiyini bildirib. Onun sözlərinə görə, şairin “Azərbaycan” şeiri, “Vaqif” və “İnsan” dramları, eləcə də “Komsomol” və “Aygün” poemaları milli ədəbiyyatın qızıl fonduna daxil olan, bu gün də aktuallığını qoruyan qiymətli sənət nümunələridir. Bu əsərlər vətənpərvərlik, humanizm, azadlıq, ədalət və mənəvi dəyərləri tərənnüm etməklə yanaşı, zamanı qabaqlayan ideyaları ilə də seçilir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Səməd Vurğun təkcə böyük şair deyil, həm də görkəmli alim və ictimai xadim olub, ölkənin elmi-mədəni həyatına mühüm töhfələr verib. O, Səməd Vurğunun Azərbaycanın ilk Xalq şairi adına layiq görüldüyünü, eləcə də Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) 1945-ci ildəki 15 əsas təsisçisindən və ilk həqiqi üzvlərindən biri olduğunu xatırladıb.

Akademiya rəhbəri əlavə edib ki, şairin 1954-cü ildə Moskvada SSRİ Yazıçılarının II Qurultayında Sovet poeziyasına həsr olunmuş məruzəsi dərin elmi-nəzəri əhəmiyyətə malik olmaqla yanaşı, romantik ədəbiyyatın zəruriliyini cəsarətlə müdafiə edən mühüm çıxışlardan biri kimi qiymətləndirilə bilər.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Səməd Vurğun irsinin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərin qorunması baxımından böyük önəm daşıdığını bildirib. O, bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yaradılan şəraitə, göstərilən diqqətə və qarşılıqlı etimada görə təşəkkürünü ifadə edib.

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında Səməd Vurğun adına Yaradıcılıq Evinin Azərbaycan ədəbi mühitində xüsusi yerə sahib olduğunu bildirib. Bu məkanın yaddaşlarda xoş xatirələrlə qaldığını qeyd edərək, burada müxtəlif illərdə gənc yazıçıların seminarlarının, ədəbi müzakirələr və yaradıcı görüşlərin keçirildiyini xatırladıb.

Rəşad Məcid vurğulayıb ki, bu kimi tədbirlər ədəbi ənənələrin yaşadılması, gənc nəslin klassik irslə daha yaxından tanış olması və yaradıcı mühitin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O, Səməd Vurğunun zəngin ədəbi irsinin gələcək nəsillərə çatdırılması istiqamətində böyük rola malik olan bu kimi elmi-ədəbi görüşlərin və müzakirələrin davamlı şəkildə keçirlməsinin önəminə toxunub.

Tədbirdə, həmçinin Türkiyənin Erzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Pakistanın Lahor Dövlət Kollec Universitetinin Dil, İslam və Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrasının dosenti Almas Xanım çıxış edərək belə mötəbər tədbirdə iştirakdan məmnunluqlarını ifadə ediblər. Səməd Vurğunun yaradıcılığının təkcə Azərbaycanda deyil, bütün türk və Şərq ədəbi-mədəni məkanında mühüm yer tutduğunu vurğulayan qonaqlar görkəmli şairin zəngin ədəbi irsinin müxtəlif ölkələrdə də tədqiq olunduğunu və xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.

Daha sonra AMEA əməkdaşlarının şeirləri səsləndirilib. Ədəbi-bədii tədbirdə Mərziyyə Nəcəfova “Azərbaycan”, İbrahim Yusifli “Qazaxda Vurğunun ev muzeyində”, Zəkulla Bayramlı “Xızı dağları” şeirlərini, Asya Əhmədova “Sən Vətənsən” poemasından bir hissəni ifa ediblər. Həmçinin Səməd Vurğunun şeirləri aşıq havalarının müşayiəti ilə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: