Kanadanın Britaniya Kolumbiya Universitetinin biokimyaçıları hər kəsə uyğun ola biləcək, universal donor ağciyəri yaradıblar.
Onlar orqanda olan qanı süni olaraq ikincidən birinci qrupa dəyişməklə, onu transplantasiya üçün daha əlçatan ediblər.
Alim Stiven Uizers qeyd edib ki, hər qan qrupunda olan xüsusi antigen molekullar qırmızı qan hüceyrələrinin səthində olur. Antigenlər başqa orqanizmə düşdükdə, immunitet onu yad cisim kimi görərək, hücuma keçir və orqandan imtina baş verir.
Bu antigenlər ancaq I qan qrupunda olmur. Ona görə bu qrupdan olan qanı digər qan qrupu olan insanlara köçürmək olur. Lakin I qrupdan olan insanlara ancaq öz qan qrupundan qan köçürülməlidir.
Analoji situasiya orqan transplantologiyasında da rast gəlinir. Çünki orqanlarda qan damarları var və onların üzərində həmin insana məxsus qan qrupunun antigenləri olur. Əgər birinci qan qrupu olan insana II və ya III qan qrupu olan insanın ağciyəri köçürülsə, orqan imtinası baş verəcək.
Amma II və III qrupa I qrupdan olan insanın orqanı uyğun gələ bilər.
Ona görə də I qrupdan olan insanlar donor siyahısında lazımi orqanı almaq üçün illərlə gözləməli olur və həyatını itirir. Alimlər bunun qarşısını almaq üçün donor orqanlarının universal olması üçün tədqiqatlar aparıblar. Onlar heyvanlar üzərində uğurlu nəticələrdən sonra orqanı mənsub olduğu qanın antigenlərindən təmizləyib, hər qrupa yararlı ağciyər hazırlayıblar. Transplantologiyada inqilab olan bu kəşf çox insanları xilas edə biləcək.