Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.05.2015 10:45
  • A-
  • A
  • A+

AMEA-nın Biofizika və Smart Materiallar İnstitutu yaradılacaq

AMEA-nın Biofizika və Smart Materiallar İnstitutu yaradılacaq

Məlumdur ki, 2013-cü ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forumda iştirak edən Nobel mükafatı laureatı Corc Smut AMEA-nın Fizika İnstitutunda olmuş, institutun fəaliyyəti, nailiyyətləri və potensialı ilə tanış olmuş, alimlərlə fikir mübadiləsi aparmışdır. Sonra o, AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət edərək Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif etmişdir. C.Smutun müraciəti və arqumentləri təhlil edilmiş və qəbul olunmuşdur. Qabaqcıl dünya alimlərinin fikrincə, XXI əsr biologiyada, o cümlədən biofizikada keyfiyyətcə yeni, ciddi elmi irəliləyişlər əsri olacaq. Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir. Fizika İnstitutunda C.Smut tərəfindən də qeyd olunan müasir elmi-texniki potensialın və qabaqcıl avadanlıqlarla iş təcrübəsinin mövcudluğu nəzərə alınaraq, Fizika İnstitutunun bazasında Biofizika və Smart Materiallar İnstitutunun yaradılması məqsədəuyğundur.

Qeyd edək ki, Biofizika və Smart Materiallar İnstitutu hədəfli dərman daşınması üçün müxtəlif tip və ölçülü nano-zərrəciklərin hazırlanması, funksional cəhətdən mühum zülallarda struktur-dinamika və funksiya arasındakı əlaqənin tədqiqini və s. nəzərdə tutur.

Bütün bunları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə tapşırılıb ki, akademiyada Biofizika və Smart Materiallar İnstitutunun yaradılması ilə bağlı ölkə rəhbərliyi qarşısında vəsatət qaldırsın.

Qərarın icrasına nəzərət AMEA prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: