Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2022 10:04
  • A-
  • A
  • A+

“Beynəlxalq Muzeylər günü”nə həsr olunan ustad mühazirə dinlənilib

“Beynəlxalq Muzeylər günü”nə həsr olunan ustad mühazirə dinlənilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” kafedrasının təşkilatçılığı ilə “Kulturologiya” fakültəsində “18 may Beynəlxalq Muzeylər günü”nə həsr olunan tədbir keçirilib.

Tədbirə qonaq qismində dəvət olunan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov “Qarabağın arxeoloji mədəniyyətləri” mövzusunda ustad mühazirə ilə çıxış edib. Alim Cənubi Qafqazın və dünyanın ən qədim insan məskənlərindən biri olan Qarabağın Azıx, Tağlar və Şuşa qədim insan düşərgələrindən bəhs edib. Son 5 ildə Ə.Cəfərov respublikanın ali məktəblərində təmənnasız ustad mühazirələr aparır və universitetlərə qəbul zamanı 500 baldan yuxarı nəticə göstərən tələbələrə özünün yazdığı “Qarabağın paleolit düşərgələri” adlı kitabını hədiyyə edir.

O, öz çıxışında 30 ilə yaxın mənfur erməni qəsbkarlarının tapdağı altında qalan torpaqlarımızın azad olunması ilə yanaşı, abidələrimizin də xilas edildiyini və bütün bunların nəticəsi kimi rəşadətli Azərbaycan ordusunun Vətən tariximiz üçün yeni bir səhifə yazdığını qeyd edib. Quruçay, Qədim Aşel, Orta Aşel, Son Aşel, Üst Paleolit, Leylatəpə, Göyçə-Üzərliktəpə və Xocalı-Gədəbəy arxeoloji mədəniyyətləri kimi zəngin bir tarixi bizə miras qoyan Qarabağ abidələrindən ətraflı və dolğun şəkildə məlumat verən professor Ə.Cəfərovun mühazirəsi fakültənin tələbələri tərəfindən maraqla qarşılanıb. Mühazirə ərzində 150-dən artıq fotoşəkil və ayrı-ayrı arxeoloji mədəniyyətlərə aid maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Tədbirin sonunda tələbələrdə tarix və mədəniyyət abidələri haqqında daha dolğun məlumatlar formalaşdırmaq üçün bu tip ustad mühazirələrin mütəmadi keçirilməsi qərara alınıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: