Prezident İlham Əliyevin Sərəncamı ilə Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin aparılması üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Mən buna görə ziyalılar adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Bu sözləri müsahibəsində AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev deyib.
Akademik bildirib ki, ölkəmizdə tarixi və mədəniyyət abidələrinin qorunmasına böyük diqqət yetirilir: “XII əsr abidəsi olan Möminə xatun türbəsi milli memarlığımızın çox mühüm abidəsidir, Şərq memarlıq abidələrinin incisidir. Əcəmi Naxçıvani tərəfindən yaradılmış Möminə xatun türbəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında mühüm yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Prezidentin Sərəncamı bu abidəyə yeni həyat verəcək”.
“Əminəm ki, bərpa və konservasiya işləri uğurla aparılacaq. Beləliklə, bu abidə bundan sonra da öz əzəməti, gözəlliyi, monumentallığı ilə göz oxşayacaq, Azərbaycan xalqının milliliyini, mənəvi dəyərlərini dünyaya təqdim edəcək”, - deyə o əlavə edib.