AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədovanın “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi” adlı kitabı çapdan çıxıb.
4 fəsildən ibarət monoqrafiyada müasir iqlim dəyişmələri ilə bağlı güclü istilərin şəhər əhalisinin sağlamlığına göstərdiyi mənfi təsirlər, eləcə də isti iqlim şəraitində Azərbaycan ərazisində malyariya xəstəliyinə təsir edən iqlim amilləri tədqiq edilib. Abşeron yarımadasında güclü istilər və isti hava dalğaları, onların şəhər əhalisinin sağlamlığına və ölüm hallarının artmasına təsiri öyrənilib, ölkə ərazisində malyariogen şərait və müasir iqlim dəyişmələrinin malyariya mövsümünə təsirləri araşdırılıb, iqlim dəyişmələri ilə bağlı gözlənilən risklərin azaldılması və yumşaldılması üçün qabaqlayıcı tədbirlər işlənib hazırlanıb.
Biometeorologiya sahəsində yeni istiqamətin formalaşmasına kömək edə biləcək kitab sözügedən mövzu ilə maraqlanan şəxslər, tədqiqatçı alimlər, müəllim və tələbələr, eləcə də aidiyyəti təşkilatların mütəxəssisləri üçün faydalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.