Mayın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli alim və ictimai xadim doktor Cavad Heyətin 100 illiyi ilə əlaqədar “Cavad Heyət - cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bildirib ki, zəngin və çoxşaxəli səmərəli fəaliyyəti olan Cavad Heyətin istər cərrahiyyə sahəsində, istərsə də “Varlıq” jurnalının redaktoru, ictimai xadim kimi xalqımızın, milli-mədəni kimliyinin dərk edilməsi, azərbaycançılıq və türkçülüyün təbliği sahəsindəki xidmətləri danılmazdır. R.Cümşüdlü cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü Cavad Heyətin anadan olmasının 100 illiyi ərəfəsində yubileyini Şərqşünaslıq İnstitutunun bu görkəmli şəxsiyyətə həsr olunmuş elmi sessiya keçirməklə qeyd etdiyini bildirib.
Daha sonra elmi sessiyada məruzələrə başlanıb. Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə “Cavad Heyət – xatirələrdə əbədi yaşayacaq şəxsiyyət” mövzusunda məruzə edib. Bütün həyatını və fəaliyyətini əsas sənəti olan cərrahlığa, elmi araşdırmalara, millətinin və xalqının sağlamlığını qorumağa həsr etmiş Cavad Heyətin çoxşaxəli fəaliyyətindən danışan S.Bayramzadə onun 25 min əməliyyat, o cümlədən açıq ürək əməliyyatları keçirməsini, 35 il yorulmadan müntəzəm şəkildə nəşr etdirdiyi “Varlıq” jurnalının cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm rol oynadığını, Azərbaycan dili, ədəbiyyatı, tarixinə dair çoxsaylı kitabların, məqalələrin müəllifi olduğunu qeyd edib. Məruzəçi Cavad Heyətin ensiklopedik məlumatlı, eyni zamanda prinsipial, azadlığı və həqiqəti hər şeyin üstündə tutan, xalqını, Vətənini, dilini və mədəniyyətini çox sevən bir şəxsiyyət olduğunu vurğulayıb.
İnstitutun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cavad Heyət – böyük azərbaycanlı və vətəndaş” mövzusunda məruzə edib. S.Rüstəmova-Tohidi Cavad Heyətin elə tək “Varlıq” jurnalındakı fəaliyyətinin onun adının Azərbaycan xalqının tarixinə böyük hərflərlə düşməsinə yetərli olduğunu deyib. Məruzəçi bu böyük şəxsiyyətin Azərbaycan türklərinin milli şüurunun inkişafında, azərbaycançılığın təbliğində əvəzsiz xidmətləri olduğunu qeyd edib.
İnstitutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyeva “Azərbaycan dilinin görkəmli tədqiqatçısı Cavad Heyət” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Cavad Heyət ömrünü Azərbaycan xalqı, dili, mədəniyyəti ilə bağlı yüksək səviyyəli nəzəri araşdırmaların aparılmasına, Azərbaycan dilinin elmi tarixi ilə bağlı əsərlərin yazılmasına sərf edib. Qeyd edilib ki, Cavad Heyət öz tədqiqatlarında türk dillərinin təsnifatı haqqında IX əsrdən bəri mövcud fikirlərin tənqidi icmalını və türk dillərinin morfoloji quruluşunun yığcam şərhini, Türkiyə və Azərbaycan türkcəsinin tarixi inkişaf yolları haqqında müfəssəl məlumat verib.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.