Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2025 10:12
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Oğuzda seminar keçirilib

Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Oğuzda seminar keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Oğuz rayonu Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində məktəblilərin maarifləndirilməsi məqsədilə "Azərbaycanın müstəqilliyi Şimal-qərb bölgəsinin ekoloji problemlərinin həllində dönüş nöqtəsi kimi" mövzusunda seminar keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib.

Seminarda çıxış edən Qarabulaq kənd tam orta məktəbin direktoru Elçin Yusubov "Konstitusiya və Suverenlik İli” çərçivəsində bu cür tədbirlərin keçirilməsində Qarabulaq kənd tam orta məktəbinin tərəfdaş kimi seçilməsinin qürurverici olduğunu və gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yaratdığını bildirib.

Sonra Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova "Ekologiya və ətraf mühitin mühafizəsi müstəqillik dövründə: çağırışlar və imkanlar" mövzusunda məruzəsini təqdim edib. O, çıxışında sağlam və ekoloji təmiz mühitin yaradılmasında insanların üzərinə düşən vəzifə borclarından danışıb və şagirdləri təbiətə qayğı və məsuliyyətlə yanaşmağa, onu qorumağa, ekosistemin mühafizəsi istiqamətində dövlətə dəstək olmağa çağırıb.

Sonra Qarabulaq kənd tam orta məktəbin direktor müavini Cavid Qocayev Qarabulaq kəndinin coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, təbii və mineral su ehtiyaları, bitki örtüyü və heyvanat aləmi haqqında ətraflı məlumat verib.

Tədbirdə "Azərbaycanın "yaşıl enerji" hədəfləri və yaşıl enerjinin ekoproblemlərin həllində rolu" mövzusunda çıxış edən Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov “yaşıl enerji”dən istifadənin iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək etməsindən, "yaşıl enerji" sənayesinin inkişafı nəticəsində yeni iş yerlərinin yaranmasından, “yaşıl enerji”dən istifadənin havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rolundan danışıb.

Daha sonra Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov "Azərbaycanın Oğuz rayonu ərazisində səhralaşma problemi" mövzusunda çıxış edərək Şəki REM-də şimal-qərb regionu üzrə tədqiqatların aparıldığını deyib. O, Oğuz rayonu üzrə səhralaşma prosesinin iqlimdən asılılığını müəyyən etmək üçün gündəlik aparılan meteoroloji monitorinqlərin nəticələri, hava sirkulyasiyasında olan istiqamət dəyişmələri haqqında məlumat verib. Məruzəçi rayonda səhralaşma prosesinin digər bölgələrdə olduğu kimi, relyef, iqlim, bioloji səbəblərlə yanaşı, antropogen təsirdən irəli gəldiyini diqqətə çatdırıb və şagirdlərə problemlərin həlli yolları istiqamətində tövsiyələrini verib.

Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev isə "Oğuz destinasiyasının Azərbaycan turizmində rolu" adlı çıxışında zəngin mineral-xammal ehtiyatları, gözəl meşə örtüyü, isti-mineral bulaqları, tarixi-mədəni abidələri, əsrarəngiz təbiəti ilə seçilən kurort-turizm imkanlarına sahib Oğuz destinasiyasının Azərbaycan turizmində böyük əhəmiyyətə malik olmasından bəhs edib.

Seminarda Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev çıxış edərək tədbirə ev sahibliyi edən Qarabulaq kənd tam orta məktəbin direktoru və kollektivinə Şəki REM-in direktoru və əməkdaşları adından minnətdarlığını bildirib.

Sonda hər iki təşkilat tərəfindən təşəkkürnamələr təqdim edilib.

Şəki REM-in nəşri olan kitablar məktəbin kitabxanasına hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: