Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2025 17:00
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsi ilə birgə “Seyid Əzim Şirvaninin yaradıcılığı dini-mənəvi dəyərlərə qayıdış kontekstində” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarı giriş sözü ilə açan Lənkəran REM-in direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Qaraxan oğlu Əliyev “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında”  ölkə başçısının 4 aprel 2025-ci il tarixli  Sərəncamı ilə iştirakçıları tanış edərək bildirib ki, 2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur. S.Ə.Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik və demokratik ideyalarla zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Parlaq poetik nümunələrdən ibarət lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional  Bölməsinin əməkdaşı Səyyad Babakişiyev “Seyid Əzim Şirvani yaradıcılığında mənəvi dəyərlərimiz”, Mərkəzin əməkdaşı Nəzrin Əlizadə “Seyid Əzim Şirvaninin didaktik əsərləri”, din xadimi Şahid Babayev “Seyid Əzim Şirvani yaradıcılığında dini dəyərlərimiz”, Mərkəzin əməkdaşı Səfail Qurbanov “Böyük Seyid Əzimin maarifçilik əzmi”, din xadimi Fəxri Sadıxov “Seyid Əzim Şirvani irsində dini-ideoloji düşüncələr”, din xadimi Nadir Nabatov “Seyid Əzim Şirvani əhli irfan haqqında” və Mərkəzin əməkdaşı Sərraf Talıbovun “Seyid Əzim Şirvani elm və alim haqqında” mövzularında məruzələri dinlənilib.

Natiqlər qeyd ediblər ki, Seyid Əzim Şirvani XIX əsrin ikinci yarısından intişar tapan ideoloji bir sistemin - maarifçiliyin görkəmli nümayəndəsi kimi tanınır. Onun saflığı, dostluğu, bərabərliyi, sədaqəti, vətənpərvərliyi, xeyirxahlığı və s. kimi bəşəri hissləri təbliğ edən əsərləri Azərbaycan bədii təfəkkür tarixinin parlaq və orijinal bir mərhələsi olaraq qiymətlidir. Dini-mənəvi dəyərlərə şairin istər tənqidi-satirik, istər maarifçi, istərsə də digər qəbildən olan əsərlərində sıx-sıx rast gəlinməkdədir. İslami dəyərlər şairi yaradıcılıq boyu düşündürmüşdür. Dahi mütəfəkkir ilahiyyatı öz mənfəətlərinə uyğun təbliğ etdiklərinə görə dövrün din xadimlərinə bədii etirazını bildirir, əsl mahiyyəti açıqlayırdı. Şairin əsərləri o dövrün dini-mənəvi dəyərləri səciyyələndirmək baxımından qiymətli ədəbi məxəzdir. S.Ə.Şirvaninin didaktik mahiyyət daşıyan əsərləri yaradıcılığının əsasını təşkil edir. Onun satirik əsərləri ilə yanaşı, maarifçi, didaktik ruhlu əsərləri də böyük diapazona malikdir. Şairin yaradıcılığının birinci mərhələsində aşiqanə qəzəllər üstünlük təşkil edirsə, ikinci mərhələsində bu tendensiya maarifçi və tənqidi-satirik şeirlərlə əvəz olunur. Ona daha çox şöhrət gətirən realist məzmunlu şeirlərə keçməsində “Əkinçi” qəzeti mühüm rol oynamışdır. Məhz “Əkinçi”nin təsiri ilə Seyid Əzim günün bir çox zəruri məsələlərinə toxunmuş və dövrün tələblərinə uyğun şeirlər qələmə almışdır. Şairin yaradıcılığında elm, təhsil və əsl alim haqqında şeirləri xüsusi yer tutur. Dahi Seyid Əzim Şərqin dini mərkəzlərində təhsil alan gənclərdən bəzilərinin vətənə savadsız qayıtmalarını şeirlərində ürək ağrısı ilə qeyd edir, elmə, Qurana xor baxanları avam, elm aləminə zorla soxulanları, alim adını gözdən salanları satira dili ilə qamçılayır, bu şəxslərin alim kimi yüksək mərtəbəyə layiq olmadığını diqqətə çatdırır, cahilliyi, avamlığı pisləyir, elmə, alimə yüksək dəyər verir. Seyid Əzimin İslam dininə daha geniş mənada yanaşmasının ən başlıca səbəbi onun elmə münasibəti, ona söykənməsidir.

Lənkəran rayonu Kənarmeşə kənd Bağıroba məscidinin imamı Nadir Nabatov Lənkəran REM-in kollektivinə  rəmzi hədiyyə bağışlayıb. Lənkəran rayonu Tükəvilə kənd məscidinin imam müavini Famil Nəhmətov Seyid Əzim Şirvaninin qəzəlini “Çahargah” muğamı üstündə şövqlə ifa edib.

DQİDK Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Həmidli, Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri Zeynəb Əhədova, Səyalı Quliyeva və Rəvan Abbasov rəy və mülahizələrini bildirib, onları maraqlandıran suallar cavablandırılıb.

Elmi seminarın işində fəal iştirak etdiklərinə görə Nəzrin Əlizadə, Şahid Babayev və Nadir Nabatov Lənkəran REM-in Təşəkkürnamələrinə layiq görülüblər.

Tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev qonaqlara, Lənkəran Dövlət Universitetinin rəhbərliyinə   tələbələrinə, bütün iştirakçılara minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: