AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda ümumrespublika konfransının açılış mərasimi keçirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransın açılış mərasimində AMEA-nın vitse-prezidenti Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, SOCAR-ın vitse-prezidenti Arzu Cəfərova, bir sıra dövlət qurumlarının nümayəndələri, alimlər, RSXM-nin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda ümumrespublika konfransının Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunduğunu bildirən AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin iştirakçıları salamlaması ilə konfrans öz işinə başlayıb. Konfransda açılış nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edib. AMEA rəhbərliyi adından qonaqları salamlayan akademik İbrahim Quliyev bildirib ki, ölkəmizdə son illər yer elmləri sahəsində, xüsusi ilə də aparılan kompleks geofiziki-seysmoloji tədqiqatlarda çox yüksək nəticələr əldə olunub. AMEA nəzdində RSXM-nin fəaliyyətinə toxunarkən akademik İbrahim Quliyev deyib ki, mərkəzdə aparılan tədqiqatlar çoxşaxəlidir və hər bir istiqamət üzrə aparılan araşdırmalarda yeni metod və üsullar tətbiq edilir. Bu baxımdan da ilbəil Azərbaycan seysmoloqlarının apardığı tədqiqatlara xarici ölkələrdə maraq artır və artıq mərkəz dünyanın bütün aparıcı seysmoloji təşkilatlarının üzvüdür. Eləcə də mərkəz xarici ölkələrin aparıcı universitetləri ilə yaxından əməkdaşlıq edir.
SOCAR-ın vitse-prezidenti Arzu Cəfərova isə öz çıxışında elmi müəssisələrlə SOCAR-ın əməkdaşlığı məsələsinə toxunub. AMEA nəzdində RSXM-də aparılan elmi tədqiqatların həm istehsalat baxımından, həm də ali məktəblərdə tədris olunması baxımından əhəmiyyətli olduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruri olduğunu və SOCAR-ın da bir tərəfdaş olaraq bu işlərə dəstək verdiyini qeyd edib.
Daha sonra AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycanın müasir seysmodinamik şəraiti” mövzusunda məruzə ilə çıxış edib. Öz məruzəsində professor Qurban Yetirmişli mərkəzin fəaliyyət istiqamətləri, aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi və geodinamik tədqiqatlar və əldə olunmuş nəticələr, Azərbaycanın hazırki seysmodinamik şəraiti, Xəzər dənizinin seysmikliyi, palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə izlənilməsi, mərkəzin beynəlxalq seysmoloji təşkilatlarda əməkdaşlıq məsələləri haqqında ətraflı məlumat verib. Baş direktor çıxışında dünyada və qardaş Türkiyədə baş verən zəlzələlər haqqında da danışıb. Həmçinin iştirakçıların zəlzələlərin proqnozu ilə bağlı suallarına aydınlıq gətirib. Daha sonra AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geolgiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Yeni quraşdırılmış seysmik şəbəkə əsasında palçıq vulkanlarının monitorinqi” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra müzakirələr işçi qaydada panellərdə davam etdirilib.
Konfrans iyunun 5-də öz işini yekunlaşdıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.