4-5 iyun 2025-ci il tarixlərində Qubada AR Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib.
Forum Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyıb.
Forumun işinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, yerli idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, etnik qrupların nümayəndələri, ziyalılar, həmçinin gənclər forumda iştirak ediblər.
İlk olaraq, sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanışlıq olub. Plenar iclasda açılış nitqi ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova forumda iştirak edən Azərbaycanın tarixini və mədəniyyətini tədqiq edən gənc alim və tədqiqatçıları, bu sahə üzrə çalışan mütəxəsssisləri salamlayıb.
Daha sonra layihə təşəbbüskarı Dr. Günay Həsənova forumun mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Forum iştirakçıları geniş elmi məruzələr silsiləsi ilə “Tarix və Mədəniyyət”, “Arxeologiya və Antropologiya”, “Etnoqrafiya və Etnologiya” və “Tarixi abidələr və Turizm” sahələrində müzakirələr apararaq Azərbaycanın qədim mədəni irsinin günümüzdə necə qorunmalı və gələcək nəsillərə ötürülməli olduğu mövzusunda fikirlər bildirib, mövzu ətrafında slayd və posterlər təqdim ediblər. Plenar iclasdan sonra forumun işi 4 bölmədə davam edib.
Gün ərzində davam edən bölmə iclasları, elmi müzakirələr həm sahə mütəxəssisləri, həm də forum iştirakçıları üçün böyük əhəmiyyət daşıyıb. İştirakçılar Azərbaycan etnoqrafiyası barədə, eləcə də şimal-şərq bölgəsinin maraqlı fakt və məlumatları ilə tanış olublar.
Forum çərçivəsində 70-ə yaxın elmi məqalə təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb.
Həmçinin Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlər ziyarət edilib.