Rusiyanın Kostroma vilayətinin Kostroma şəhər "Məktəb teatrı" studiyası azərbaycanlı yazıçı, AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın premyerasını təqdim edib.
Premyera ötən ay teatr studiyasının mənsub olduğu 44 nömrəli orta məktəbdə baş tutub. Məktəb uşaqlarının ifasında hazırlanmış səhnə əsəri ibtidai sinif şagirdləri tərəfindən böyük sevinclə və alqışlarla qarşılanıb.
Teatr studiyasının rəhbəri rejissor Natalia Malovanın quruluş verdiyi sözügedən tamaşa Kostroma vilayətinin Mədəniyyət Departamentinin “Yosif Kobzon adına Vilayət Xalq Yaradıcılığı Evi” tərəfindən keçirilən Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş XVII Həvəskar Teatr Kollektivlərinin “Teatr Görüşləri” Regionlararası Festival-Müsabiqəsində də nümayış olunub və Festivalın III dərəcəli diplomuna layiq görülüb.
Diqqətəlayiq məqamdır ki, təkcə may ayı ərzində Rusiyanın müxtəlif şəhərlərində “Qarınqulu ayı balası” pyesi əsasında ayrı-ayrı teatrlarda hazırlanmış dörd fərqli tamaşanın premyerası baş tutub. Bu fakt, əsərin artıq beynəlxalq səviyyədə tanındığını və sevilərək səhnələşdirildiyini göstərməklə yanaşı, eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının və mədəniyyətinin xarici ölkələrdə təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.