AR Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirləri çərçivəsində “Qarabağın təbii ehtiyatları” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.
Dəyirmi masada Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan və Rusiya alimləri də iştirak ediblər.
Tədbiri akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığında 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. AMEA rəhbəri “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, eyni zamanda Azərbaycan elminin də 30 il sonra bölgədə tədqiqatlarını bərpa etdiyini söyləyib. AMEA rəhbərinin sözlərinə görə, Qarabağın 30 illik işğalı dövründə toplanması mümkünsüz olan məlumatlar indi sistemli şəkildə toplanır, tədqiqata cəlb olunur, elmi əsasları işlənib hazırlanır. Qarabağ və Şərqi Zəngəzurun təbii və iqtisadi potensialı barədə iştirakçılara məlumat verən akademik İsa Həbibbəyli yeni inkişaf dövrünü yaşayan bu bölgəyə xüsusi diqqət və qayğı göstərən ölkə başçısına dərin minnətdarlığını bildirib.
Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti professor Abdurazak Mirzoyev çıxış edərək təmsil etdiyi ölkənin təbii sərvətləri və faydalı qazıntıları haqqında ətraflı məlumat verərək Azərbaycanla elmi əlaqələrin inkişaf etdirilməsi barədə təkliflərini səsləndirib.
AMEA-nın müxbir üzvü Tələt Kəngərli Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat), Elm və Təhsil Nazirliyinin və AMEA-nın tərkibinə daxil olan elmi müəssisələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı əsasında hazırlanmış, Azərbaycan, ingilis, rus dillərində nəşr olunan “Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası”nın strukturu, mövzuları, əhatə dairəsi və nəşrdə yer almış çoxsaylı xəritələr barədə ətraflı təqdimatla çıxış edib. O, “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın 30 illik işğaldan sonra azad olunan regionun elmi cəhətdən bərpası və inkişafı istiqamətində atılan mühüm addım olduğunu deyib.
Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani “Qarabağın turizm-rekreasiya potensialı” adlı məruzə ilə çıxış edib. Tədqimatında təbiət abidələri, onların özəllikləri, qiymətləndirmə meyarları, təbiət abidələrinin pasportlaşdırılması yolları tədbir iştirakçılarına çatdırılıb. O, Qarabağın geoloji və geomorfoloji, hidroloji, florastik və faunastik abidələri barədə məlumat verib, xüsusi mühafizə olunan yerlər və onların turizm əhəmiyyətindən danışıb, təbiət abidələri əsasında turizm marşrutlarını göstərib. Təqdimatın sonunda Qarabağın turizm-rekreasiya potensialını əks etdirən 1:100000 miqyaslı xəritəsini təqdim edib.
“Qarabağ və Şərqi Zəngəzurun müasir landşaftlarının dinamikası” adlı məruzə ilə çıxış edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalovanın tədqiqatının məqsədi müasir landşaft komplekslərinin diferensiasiya qanunauyğunluqlarını müəyyən etmək və tədqiq olunan bölgənin ekoloji şəraitini qiymətləndirmək olub. 500-1200 m yüksəkliklər arasında olan 10 əsas sahədə aparılan tədqiqatlar nəticəsində bölgənin müasir landşaftlarının 1:100000 miqyaslı xəritəsi tərtib edilib. Bundan əlavə, Qarabağın və Şərqi Zəngəzurun ekoloji çərçivəsinin xəritəsi də təqdim olunub ki, burada tədqiqat aparılan ərazilərdə ekoloji çərçivənin özəyi, ekoloji dəhlizlər və bufer zonaları əks olunub.
Tədbirdə həmçinin Rusiya EA Geologiya İnstitutunun aparıcı elmi işçisi professor İrina Natina, Azərbaycan Geoloji Kəşfiyyat Agentliyinin əməkdaşı Əli Əliyev, ETN Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, professor Vaqif Məmmədov, qazaxıstanlı professor Emil Bayramov məruzə və təqdimatlarla çıxış edərək bölgənin təbii ehtiyatları, faydalı qazıntıları, landşaft xüsusiyyətləri, su tədqiqatları və başqa mövzularda aparılan dəyərli elmi tədqiqatlar və perspektivlər barədə ətraflı məlumat veriblər.
Dəyirmi masa zamanı müxtəlif ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi və bu sahədə qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirin sonunda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək tədbirin elmi əhəmiyyətini xüsusi vurğulayıb, bununla da yeni-yeni tədqiqatlar üçün geniş meydan açıldığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Laçın şəhər 2 nömrəli orta məktəbin direktoru Sevinc Abbasovaya “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nı hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.