Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2025 09:52
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Qəzənfər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib

Gəncə Bölməsində “Qəzənfər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində görkəmli şərqşünas alim filologiya elmləri doktoru professor, Türkmənistanın Dövlət Mükafatı laureatı Qəzənfər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Qəzənfər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl iştirakçılar alimin Gəncə şəhər Fəxri Xiyabandakı məzarının ziyarət ediblər.

AMEA-nın Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbir Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev giriş sözündə iştirakçıları salamlayaraq, vurğulayıb ki, professor Qəzənfər Əliyevin elmi fəaliyyətinin əsas istiqamətini Nizami Gəncəvi irsinin və onun Şərq ədəbiyyatlarına təsirinin öyrənilməsi təşkil edib və bu baxımdan, o, dahi Azərbaycan şair və mütəfəkkiri Nizaminin irsinin çoxşaxəli tədqiqində özünəməxsus elmi məktəb yaradıb.

Akademik Fuad Əliyev qeyd edib ki, alimin “Nizaminin mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında” adlı son kitabında XIII-XX əsrlərdə Nizami mövzularında müxtəlif dillərdə yazılmış 600-dən çox əsər və onların müəllifləri barədə məlumatlar toplanıb.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçi Türkan Verdiyeva “Qəzənfər Əliyevin həyatı və yaradıcılığı”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini  fil.ü.f.d. dos., Əlimuxtar Muxtarov “Qəzənfər Əliyevin tədqiqatlarında Nizami Gəncəvi və Şərq mövzusu”, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi fil.ü.f.d. dos., Aləmzər Tağıyeva “Qəzənfər Əliyevin Nizami mövzu və süjetləri, Şərq xalqları ədəbiyyatında monoqrafiyası haqqında”, Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Nizami yurdunun görkəmli alimi” və Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova “Qəzənfər Əliyev - alim və insan” mövzularında çıxış ediblər.

Çıxışlarda alimin həyat yolu və yaradıcılığına bir daha nəzər salınıb.

Bildirilib ki, Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini 5 nömrəli şəhər məktəbində almış (1937-1947), Bakıda ADU-nun (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxumuş (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (28 yanvar, 1958). SSRİ EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1956-1964), sonra baş elmi işçi olmuşdur. 1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. Xarici ölkələrə - Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979), Çexoslovakiyaya (1980) elmi ezamiyyətlərində Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair məruzələr etmişdir. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi Azərbaycanda, eləcə də xaricdə, rus, Azərbaycan, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunmuşdur. 1984-cü ilin aprel ayında Bakı şəhərində vəfat etmiş, Gəncədə dəfn olunmuşdur. Nizami məktəbinin tədqiqi təbii olaraq, alimin diqqətini farsdilli ədəbiyyatda Nizamidən sonra ilk "Xəmsə" yazmış böyük hind şairi Əmir Xosrov Dəhləviyə və bütövlükdə Hindistanın farsdilli ədəbiyatına yönəltmişdir. Bunu nəticəsi kimi onun elmi yaradıcılığında başqa bir istiqaməti müəyyənləşdirən "Hindistanın farsdilli ədəbiyyatı" adlı monoqrafiyası meydana gəlmiş və müəllifinə böyük şöhrət qazandırmışdır. Dünya iranşünaslığı və hindologiyası tarixində ilk təcrübə olan bu kitab farsdilli ədəbiyyatın hind ədəbiyyatları içərisində müstəqil bir qol olduğunu elmi şəkildə sübuta yetirir. 1972-1979-cu illərdə Moskvada Əmir Xosrov Dəhləvi "Xəmsə"sinə daxil olan poemaların elmi-tənqidi mətnləri Qəzənfər Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə çap olunmuş və Hindistanın özündə də yüksək qiymət almışdır. Bununla həm də bir mətnşünas olduğunu nümayiş etdirən alim geniş tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Əmir Xosrov Dəhləvinin "Həşt behişt" poeması və qəzəlləri ilə yanaşı, Baba Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin "Nəl və Dəmən" poemasını, Mirzə Əsədulla xan Qalibin şeirlərini və digər bədii nümunələri rus dilinə çevirmiş, onlara məzmunlu müqəddimələr və dəyərli şərhlər yazmışdır. Bundan əlavə, Azərbaycan atalar sözləri və təsnifləri də onun tərcüməsində rusdilli oxuculara çatdırılmışdır.1969-cu ildə Aşqabadda çap olunmuş "Türkmən şairi Bayram xan" adlı kitabı alimin elmi kəşfi sayılır. Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının bədii irsini üzə çıxarıb tədqiq etməklə, Qəzənfər Əliyev əslində türkman ədəbiyyatının tarixini azı iki əsr əvvəldən başlamağa imkan yaratmışdır. Elə buna görə də o, çoxcildlik "Türkmən ədəbiyyatı tarixi"nin müəlliflərindən biri olmuş və bütün bu xidmətləri müqabilində 1980-ci ildə Türkmənistanın Dövlət Mükafatına layiq görülmüşdür. Bundan başqa, Yevgeni Bertelsin beşcildlik "Seçilmiş əsərləri" Qəzənfər Əliyevin yaxından iştirakı ilə işıq üzü görmüşdür. 1981-ci ildə isə məşhur şərqşünas Aqafangel Krımskinin qırx il arxivdə qalan "Nizami və müasirləri" adlı çox qiymətli monoqrafiyası Q.Əliyevin ön sözü və redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr edilmişdir. Qəzənfər Əliyev həm də ikicildlik "Rusca-farsca lüğət"in tərtibçilərindən biri olmuşdur.

Dəyirmi masada qonaq kimi iştirak edən filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusifli də çıxış edərək, görkəmli alimlərimizin elmi irsinə həssas münasibətə görə AMEA-nın Gəncə Bölməsinin kollektivinə və onun rəhbəri akademik Fuad Əliyevə təşəkkürünü bildirib.

Yekunda akademik Fuad Əliyev iştirakçılara minnətdarlığını bildirib. O, həmçinin AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzidə Həmid Araslı, Qəzənfər Əliyev, Xəlil Yusifli və digər görkəmli alimlərimizin irsinə sadiqlik nümayiş etdirildiyini, xüsusən nizamişünaslıq elmimizin inkişafına yeni töhfələr verildiyini qeyd edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: