Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Arif Həşimov: “Akademik İbrahim İbrahimovun riyaziyyat sahəsi üzrə peşəkar kadrların yetişdirilməsində böyük xidmətləri olub”
29.06.2022 17:58
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov: “Akademik İbrahim İbrahimovun riyaziyyat sahəsi üzrə peşəkar kadrların yetişdirilməsində böyük xidmətləri olub”

Bu barədə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransdakı çıxışında məlumat verib.

Akademik A.Həşimov çıxışında ölkəmizdə elmə və elm xadimlərinə hər zaman yüksək dəyər verildiyini vurğulayıb.

AMEA rəhbəri müəllimi olmuş görkəmli alim İ.İbrahimovun Azərbaycanda riyaziyyat elminin inkişafında göstərdiyi xidmətlərdən söz açıb, alimin bu sahədə peşəkar kadrların yetişdirilməsində olduqca əhəmiyyətli işlər gördüyünü qeyd edib.

Akademik A.Həşimov İ.İbrahimovla bağlı xatirələrini bölüşərək görkəmli alimin SSRİ-də və dünyada tanınmış riyaziyyatçı alimlərimizdən biri olduğunu, onun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə yüksək elmi nəticələr əldə edildiyini diqqətə çatdırıb. Akademikin sözlərinə görə, ölkəmizdə istehsal proseslərinin avtomatlaşdırılması, riyazi modelləşdirmə, proqram təminatı və digər istiqamətlərdə tədqiqatlara məhz akademik İ.İbrahimovun rəhbərliyi altında başlanılıb.

AMEA rəhbəri əzəli Azərbaycan torpaqları olan Qarabağın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qüdrəti ilə işğaldan azad olunduğunu xatırladaraq, akademik İbrahim İbrahimovun növbəti yubileylərinin bu torpaqlarda keçiriləcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: