Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
02.06.2015 07:26
  • A-
  • A
  • A+

Akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur. 

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirmiş və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaratmışdır. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri vardır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr vermiş akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2015-ci il.

  • Paylaş: