Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
11.07.2022 21:15
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev iyulun 11-də ömrünün 75-ci ilində vəfat edib.

Akif Fərhad oğlu Musayev 1947-ci il iyulun 18-də Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) İqtisadi-riyazi modellər laboratoriyasında başlayıb. 1976-1980-ci illərdə Kibernetika İnstitutunda baş elmi işçi, 1980-1991-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş müəllim, dosent, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifələrində çalışıb. Ölkə başçısının 24 sentyabr 1994-cü il tarixli Fərmanı ilə yaradılmış və 11 aprel 1998-ci ilə kimi fəaliyyət göstərmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak edib.

O, 1999-cu ildə Vergilər Nazirliyi Tədris Mərkəzinin, eyni zamanda 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergi qoyma kafedrasının rəhbəri, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, 2020-ci ildən vəfatına kimi isə İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri olub.

Alim 400-dən artıq elmi əsərin, bir çox monoqrafiya, dərslik və dərs vəsaitinin, fənn proqramlarının müəllifi idi. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir.

A.Musayevin tədqiqat istiqamətləri nəqliyyat proseslərinin modelləşdirilməsi, neft maşınqayırma və neft sənayesinin qarşılıqlı fəaliyyətinin modelləşdirilməsi, fiskal siyasətin modelləşdirilməsi, iqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma, vergilərin iqtisadi problemlərinin elmi-tədqiqi istiqaməti və s. sahələri əhatə edirdi.

İqtisadçı alim Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”na, 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Eyni zamanda müxtəlif illərdə AMEA-nın və Vergilər Nazirliyinin Fəxri fərmanları ilə təltif edilib.

Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu” və “Görkəmli lider mükafatı” ilə təltif olunub.

O, bir sıra jurnalların redaksiya heyətinin üzvü, Gürcüstan Respublikasının Qafqaz Universitetinin Fəxri doktoru idi.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Akif Fərhad oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: