29 may -1 iyun 2015-ci il tarixlərində Pirqulu qəsəbəsi – AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında bu elmi qurumun, Qafqaz Universiteti, AzərKosmos və Tusi-Bohn planitariumunun birgə təşkilatçılığı ilə I Tələbələrarası Astronomiya Yay Məktəbi (TAYM-1) keçirilib.
Yay məktəbində ölkədaxili 8 universitetdən seçilən 40 tələbəyə Azərbaycan və qonşu ölkələrdən dəvət edilən elm adamları tərəfindən 6 təlim keçirilib. Bundan başqa, proqrama teleskopla müşahidələr, elmi-intellektual müzakirə və yarışlar, eləcə də Pirqulu dövlət qoruğuna ekskursiyalar daxil edilib.
Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin sözlərinə görə, ilk dəfə təşkil edilən yay məktəbi tələbələrdə fundamental elmlərə qarşı marağın artırılmasına, habelə astronomiya elminin təbliğinə təkan verəcəkdir. Alim gələn il keçiriləcək növbəti yay məktəbinin regional xarakter daşıyacağını və müxtəlif ölkələrdən tələbələrlə yanaşı, təlimçilərin də qatılacağını bildirib.
Yay məktəbinin tələbələri, həmçinin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə də səfər ediblər. Tələbələrə “Azərkosmos”, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və növbəti peyk layihələri barədə ətraflı məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir