Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq 15 avqust 2022-ci il tarixində Milli Kitabxanada “Xurşidbanu Natəvan - 190” adlı sərginin açılış mərasimi, “Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasının və “Təhsil” nəşriyyatının yeni çap etdiyi Mustafa Çəmənlinin “Neyçin gəlməz” və Bəylər Məmmədovun “Xurşidbanu Natəvan” kitablarının təqdimatı olub.
Təqdimat mərasimində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edib. Akademik qeyd edib ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması xalqımızın ədəbiyyata, incəsənətə, öz sənətkarlarına və dahi şəxsiyyətlərinə verdiyi dəyərin göstəricisidir. Teymur Kərimli öz çıxışında Natəvanın Füzuli ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri olduğunu və XIX əsr Azərbaycan dilinin inkişafında böyük rol oynadığını da vurğulayıb.
Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov da çıxış edib. O bildirib ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. Yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamış şairənin ilk vaxtlar “Xurşid” imzası ilə yazdığı şeirlərinin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb. 1870-ci ildən etibarən şairə özünə “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib.
Qeyd edək ki, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.