Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.09.2022 16:12
  • A-
  • A
  • A+

Damcılı mağarasında aparılan arxeoloji tədqiqat işləri yerində müzakirə olunub

Damcılı mağarasında aparılan arxeoloji tədqiqat işləri yerində müzakirə olunub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov və professor Hidayət Cəfərov Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında aparılan tədqiqatlarla tanış olublar.

Arxeoloqlarımız Damcılıda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla görüşüb, ölkə ərazisində aparılan arxeoloji tədqiqatlar haqqında fikir mübadiləsi aparıblar.

2015-ci ildə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Tokio Universiteti arasında imzalanan Memoranduma əsasən Yaponiya - Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil olunub. Artıq burada beş ildir ki, birgə tədqiqatlar aparılır.

2016-2019-cu illərdə t.ü.f.d, dosent Azad Zeynalovun və t.ü.f.d. dosent Mansur Mansurovun rəhbərliyi ilə aparılmış tədqiqatların başlıca məqsədi regionda Neolitdən əvvəlki dövrlərdə (Paleolit və Mezolit) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etməkdən ibarət olub. Tədqiqatlar nəticəsində 4 minə yaxın arxeoloji nümunə aşkar olunub.

Bu ilin avqust ayında Tokio Universitetinin Daş dövrü üzrə professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə Yaponiyalı mütəxəssislər (Prof. Wakano, Dr. Hiroto Nakata, Dr. Takehiro Miki, Dr. Saiji Arai, Fumika Ikeyama, Şizuka Miyai, Kantaro Tanabe) və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d. Yaqub Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı mütəxəssislər (e.i. Orxan Zamanov və e.i. Ülviyyə Səfərova) tərəfindən birgə tədqiqatlar davam etdirilib. Tədqiqatlara “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da cəlb olunublar.

Yaqub Məmmədov bu mövsümdə aparılan tədqiqatların nəticələri haqqında geniş məlumat verib, sualları cavablandırıb. Tədqiqatların 2023-cü ildə də davam etdirilməsi qərara alınıb. Ən mühüm elmi nailiyyətlərdən biri mağarada Mezolit dövründən Neolit dövrünə keçidin izlənməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: