Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2025 10:48
  • A-
  • A
  • A+

Azərbaycan və alman arxeoloqları uğurlu arxeoloji tədqiqatlar aparıblar

Azərbaycan və alman arxeoloqları uğurlu arxeoloji tədqiqatlar aparıblar

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Würzburg Julius Maximilians Universiteti arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə arxeologiya sahəsi üzrə müştərək tədqiqatlar və təhsil əməkdaşlığı haqqqında bağlanmış birgə anlaşma memorandumuna əsasən Arxeologiya və Antropologiya İnstitutu tərəfindən təşkil olunmuş arxeoloji ekspedisiya cari il üçün nəzərdə tutulan çöl tədqiqatlarını başa çatdırıb.

Ekspedisiyaya Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Şamil Nəcəfov, Almaniya tərəfindən isə Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor-doktor Martin Gruber rəhbərlik edib.

Arxeoloji ekspedisiyanın tərkib hissəsi olduğu layihə Würzburg Universitetində 2021-ci ilin oktyabrından 2027-ci ilin oktyabrına qədər davam edən Qədim Yaxın Şərq tədqiqatlarının innovativ inkişafı və uzunmüddətli konsolidasiyası üzrə fənlərarası strategiyanın bir hissəsidir. Tərəflər arxeologiya, bərpa, konservasiya və mədəni irsin idarə olunması sahələrində təhsil və tədqiqat təcrübələrini genişləndirəcək, qazıntı işləri, bərpa işləri, konservasiyalar, xilasetmə proqramları, üzvi və qeyri-üzvi qalıqlar üzrə material təhlillərini əlaqələndirəcək, arxeologiya ilə bağlı fənlərarası tədqiqatlar çərçivəsində fəaliyyət göstərəcək, arxeo-zooloji, arxeo-botanik, mikroskopik analizlər, GİS tədqiqatları və digər laboratoriya ilə əlaqəli işləri yerinə yetirmək üçün imkanlarla təmin ediləcək və hər iki tərəfin tədqiqatçılarının laboratoriyalardan asanlıqla istifadə edə bilməsi üçün şərait yaradacaq, iki tərəfin laboratoriyalarında Azərbaycan və Almaniyada aparılan çöl tədqiqat layihələrinin arxeoloji analizlərinin aparılmasına icazə verəcək, tədqiqat işləri başa çatdıqdan sonra birgə nəşrləri hazırlamaq üçün əməkdaşlıq edəcəklər.

Arxeoloji qazıntılar Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində Son Tunc-Erkən Dəmir dövrünə aid Ağalıqtəpə yaşayış yerində aparılıb.

Arxeoloji qazıntıların aparılmasında və Ağalıqtəpə yaşayış yerinin qazıntı sahəsi kimi seçilməsində məqsəd bölgədə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin yayılma arealını və arxeoloji tapıntıların mütləq yaşını müəyyən etməklə yanaşı, ərazinin Tunc dövrünün son mərhələsində və Erkən Dəmir dövründə məskunlaşma xüsusiyyətlərinin müəyyənləşirilməsindən ibarətdir.

Ümumi sahəsi təxminən 2,5 ha olan abidənin ərazisində seçilmiş 200 m2-ən çox qazıntı sahəsində ilkin tədqiqatların nəticələri onu deməyə əsas verir ki, mədəni təbəqə yatımı çox zəngindir. Buradan təsərrüfat təyinatlı tikililərlə yanaşı (çox dərin və böyük diametrə malik təsərrüfat quyuları), ocaq yerləri və qurğuları, çiy kərpic qalıqları, döşəmə yerləri, düzbucaqlı plan quruluşuna malik otaqların qalıqları aşkar edilib. Keramika nümunələri müxtəlif formalı və məzmunludur. İy başlıqları toxuculuğun bir sənət sahəsi kimi inkişaf etdiyini göstərir. Daş alətlər isə ərazinin qədim sakinlərinin maldarlıqla yanaşı, əkinçilik təsərrüfatı ilə də məşğul olduğunu isbatlayır. Tədiqatların ilkin nəticələri onu deməyə əsas veir ki, qeyd edilən dövrdə Ağalıqtəpənin qədim sakinləri ərazidə sıx məskunlaşmış və təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmuşlar.

Arxeoloji tədqiatlar növbəti il də davam etdiriləcək.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: