21-27 avqust 2022-ci il tarixlərində MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq fondunun təşkilatçılığı ilə Tacikistan Respublikasında qədim Sarazm əkinçilik məskənində Gənc Arxeoloqların Məktəbi keçirilib.
Sarazm UNESCO-nun mədəni irs siyahısına daxil olan, 100 hektara qədər ərazini əhatə edən Mərkəzi Asiyanın ən qədim eneolit abidələrindən biridir. Məktəbdə Azərbaycan, Tacikistan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan arxeoloqlar və gənc mütəxəssislər məruzələrlə çıxış etməklə, arxeoloji irsin qorunmasına dair vacib məsələləri müzakirə etməklə yanaşı, yeni təcrübə qazanıblar.
Azərbaycan nümayəndə heyətini AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülanə Əliyeva, kiçik elmi işçi Vüsal Əliyev, BDU magistrantı Əvəz Orucov və Tarix fakültəsinin müəllimi, millət vəkili Naqif Həmzəyev təmsil ediblər.
Gülanə Əliyeva “Qarabağın antik dövr alban abidələri” adlı məruzə ilə çıxış edib. Məruzədə Ağcabədi, Ağdam, Füzuli, Xocavənd və Qarabağın digər rayonlarının ərazisindəki antik dövr abidələrindən bəhs olunub. Qalatəpə, Nərgiztəpə, Qaratəpə, Üzərliktəpə və s. kimi şəhər və kənd tipli yaşayış yerləri, küp və torpaq qəbirlərin xüsusiyyətləri, eləcə də əldə edilmiş əmək alətləri, bəzək əşyaları, metal məmulatı, keramika kimi maddi mədəniyyət nümunələri haqqında məlumat verilib. Vüsal Əliyev isə “Mil düzünün orta əsr abidələri (IX-XIII əsrlər)” adlı məruzə ilə çıxış edərək Mil düzünün qısa icmalı, abidələri, müxtəlif maddi mədəniyyət nümunələri haqqında məlumat verib.
Tədbir çərçivəsində Eneolit-Tunc dövrü abidəsi olan Sarazm, erkən orta əsr abidəsi Pəncikənd, Hisar qalası, fars-tacik ədəbiyyatının banisi A.Rudakinin türbəsi, A.Rudaki adına Pəncikənd diyarşünaslıq muzeyi və Tacikistan Milli muzeyinə səfərlər baş tutub. Nümayəndə heyətimiz Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əsgərov ilə görüş keçiriblər.
Tədbirin bağlanış mərasimində Tacikistan Milli Elmlər Akademiyasının prezidenti, akademik Farhod Rahimi iştirakçılara sertifikatlar təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.