Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.09.2022 12:05
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu ilə Xəzər Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

Genetik Ehtiyatlar İnstitutu ilə Xəzər Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Xəzər Universitetinin təsisçisi, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Hamlet İsaxanlı elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müqavilə imzalayıblar.

Müqavilədə Azərbaycanda elm və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə GEİ və Xəzər Universitetinin mövcud infrastrukturdan birgə istifadəsi, beynəlxalq və yerli proqramlara qoşulmaq üçün fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, hər iki müəssisənin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkili, müvafiq elm sahələri üzrə tədris olunan fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni tədqiqat laboratoriyalarının yaradılması kimi məsələlər yer alıb. Həmçinin mövcud laboratoriyaların yeni avadanlıqlarla və reaktivlərlə təchizatının yaxşılaşdırılması, multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə birgə iştirak, universitetin tələbələrinin GEİ-də elmi-tədqiqat təcrübəsi, institutun magistrantlarının isə Xəzər Universitetində pedoqoji təcrübə keçməsi, beynəlxalq və respublika səviyyəli birgə elmi konfrans, simpozium, təlim və seminarların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Genetik Ehtiyatlar İnstitutunda baş tutan imzalanma mərasimində Xəzər Universitetinin rektoru, b.ü.f.d., dosent İradə Xəlilova və GEİ-nin Elmi şurasının üzvləri iştirak ediblər.

Daha sonra professor H.İsaxanlı və dosent İ.Xəlilova GEİ-nin Milli genbank, Ekobotanika və sistematika, Texniki bitkilər, Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları, Molekulyar genetika və genomika şöbələrində, eləcə də İnsan genetikası və Kök hüceyrəsi laboratoriyalarında aparılan tədqiqatlarla yaxından tanış olublar. Qonaqlar institutun müasir elmi cihaz və avdanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan müasir elmi tədqiqat işlərini, eləcə də institutda yüksək ixtisaslı kadr hazırlığının təşkilini yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: