Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
07.09.2022 15:38
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının cari ildə üçüncü sayı işıq üzü görüb.

Jurnalın bu sayında yerli məqalələr ilə bərabər ölkə xaricində yaşayan tədqiqatçıların da elmi məqalələri çap edilib. “Metafizika” jurnalının bu sayında on məqalə və üç resenziya yer alıb.

Dosent Ələddin Məlikovun baş redaktorluğu ilə nəşr olunan “Metafizika” jurnalının yeni sayında oxucular humanitar və sosial elmlər sahəsinə aid elmi məqalələrlə tanış ola bilərlər. Jurnalın bu sayında ilk dəfə olaraq təqdim edilən “Resensiyalar” bölməsində təqdimat və tənqid xarakterli rəylər əksini tapıb.

Jurnalda Adil Əsədovun “Qədim yunan fəlsəfəsinin deterministik istiqaməti” (Azərbaycan dilində), Kamina Məmmədova və Sevda Yusifovanın “XX əsrin əvvəllərində erməni vandalizmi” (Azərbaycan dilində), Turanə Əlibəyova və Füzuli Qurbanovun “Qnoseologiya və epistemologiya: müqayisəli fəlsəfi təhlil” (Azərbaycan dilində), Nailə Əsədovanın “Aristofanın komediyalarında ümumiləşdirilmiş obrazlar” (Azərbaycan dilində), Fərəh Sadıqovanın “Qərb fəlsəfə tarixində ölüm problem” (Azərbaycan dilində), Türkan Məmmədovanın “Azərbaycan xalqının milli özünüdərk prosesində Əli bəy Hüseynzadənin müasirləşmə yolu” (Azərbaycan dilində), Aitmamat Kariyevin “Qırğızların çoxevlilik (və yaş fərqi) adətinin İslam hüququ mövqeyindən tədqiqi” (türk dilində), Tofiq Əsədovun “Allahın “Rəhman” sifətinin ilahi əzab ilə qarşılıqlı münasibəti” (fars dilində), Kamil Səlimov, Kamran Səlimov və Firudin Mövsümovun “Cinsi zorakılığın kriminoloji xüsusiyyəti (xarici ölkələrin məhkəmə-istintaq təcrübəsinin materialları əsasında)” (rus dilində), Ləman Qarayevanın “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində diasporun rolu” (ingilis dilində) adlı məqalələri, Namiq Əliyevin “Topların gurultusu altında diplomatiya...” adlı kitaba dair” (Azərbaycan dilində), İbrahim Bağırovun «“İrfan və fəlsəfə perspektivindən kamil insan nəzəriyyəsi” kitabı haqqında» (Azərbaycan dilində) və Əlizadə Əsgərlinin «“Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)” kitabına konseptual yanaşma və qiymətləndirmə» (Azərbaycan dilində) mövzusunda resenziyaları nəşr edilib.

Bir sıra nüfuzlu elmi bazalara, o cümlədən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının təsdiq etdiyi nəşrlərə daxil edilmiş “Metafizika” jurnalında ənənələrə əsaslanaraq müasirliyə köklənən humanitar və sosioloji sahələrə aid elmi, nəzəri, tənqidi məqalələr dərc edilir.

Dünya və xüsusən respublikamızın elmi və təhsil ictimaiyyətini “Metafizika” jurnalı ilə əməkdaşlıq edərək tədqiqat xarakterli elmi araşdırmaları nəşr etməyə dəvət edirik.

Məqalə və resenziyalarla buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: