Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.09.2022 14:05
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsini anıb

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsini anıb

Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Anım mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 30 il öncə sentyabrın 19-da dünyasını dəyişmiş böyük alim Aida İmanquliyevanın həm ictimai fəaliyyət, həm şəxsi keyfiyyətləri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olduğunu deyib. Aida İmanquliyevanın Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz iz qoyduğunu söyləyən G.Baxşəliyeva, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifinin ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənən ilk alimimiz olduğunu qeyd edib.

G.Baxşəliyeva Aida İmanquliyevanın məhcər - ərəb ədəbiyyatını çox böyük ruhla araşdırdığını, məhz onun tədqiqatları nəticəsində yeni ərəb ədəbiyyatının Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qaldığının məlum olduğu müəyyən edilib.

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladan G.Baxşəliyeva əlavə edib ki, o, Azərbaycan elmini dünya səviyyəsində təmsil edən gözəl alim idi.

G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin şərqşünaslarımız üçün çox ağır olduğunu, alimlərimizin onun əziz xatirəsini daim uca tutduqlarını deyib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Aida İmanquliyevanın dəyərli elmi fəaliyyətindən bəhs edib, onun gənc şərqşünaslara göstərdiyi qayğıdan danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: